Tramp "qarğıdalı verəcəyik" dedi, Qalibaf coşdu - "Ac özünüzsünüz"
Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Trampın İranın ərzağa ehtiyacı olduğu barədə açıqlamalarına sərt reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, İran parlamentinin sədri sosial şəbəkədə paylaşdığı açıqlamada ABŞ rəhbərliyini ikili standartlarda ittiham edib.
"Təsəvvür edin, öz ölkənizdə 40 milyondan çox vətəndaşınız dövlətin ərzaq yardımı kuponu proqramından asılı olduğu halda, başqa ölkəni "ac olmaqda" ittiham edirsiniz. Bu, iddia deyil, tamamilə proyeksiyadır. Yəni siz öz problemlərinizi başqalarına aid edirsiniz", - Qalibaf bildirib.
O, ABŞ-nin SNAP (Əlavə Qidalanma Yardımı Proqramı) ilə bağlı tövsiyələrinə də toxunaraq, "SNAP proqramı ilə bağlı məsləhət və tövsiyələrinizi özünüzə saxlayın. Biz öz resurslarımızla bağlı qərarlarımızı özümüz veririk, siz isə öz ölkənizdəki qida çatışmazlığı barədə düşünün", - deyə vurğulayıb.
Qalibafın açıqlaması Donald Trampın CNBC telekanalına müsahibəsində İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu iddia etməsindən sonra verilib. Tramp bildirib ki, İranın "qarğıdalı, buğda və soyaya ehtiyacı var" və mümkün razılaşma əldə olunacağı təqdirdə bu məhsulların ABŞ fermerləri tərəfindən təmin ediləcəyini gözləyir.
Qeyd edək ki, SNAP ABŞ-də aztəminatlı ailələrə ərzaq almaq üçün maliyyə dəstəyi göstərən federal proqramdır və son illərdə on milyonlarla amerikalı bu proqramdan yararlanıb. Məhz bu faktı əsas gətirən Qalibaf Vaşinqtonun əvvəlcə öz sosial problemlərini həll etməli olduğunu bildirib.
Oğuz