NATO-nun “İldırım zərbəsi-24” təlimi başladı – Rusiyanın iki addımlığında

Finlandiyada NATO ölkələrinin Avropadakı ən böyük artilleriya təlimi olan “İldırım zərbəsi-24” təlimi başlayır. 

Nov 4, 2024 - 18:56
NATO-nun “İldırım zərbəsi-24” təlimi başladı – Rusiyanın iki addımlığında

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

“İldırım zərbəsi-24” təlimi Avropanın beş ölkəsində – Finlandiya, Estoniya, Almaniya, Rumıniya və Polşa ərazisində keçirilən “Dinamik cəbhə-25” silsiləsinin bir hissəsidir.

Artilleriya təlimi fin Laplandiyasının Rovayarvi və Rovaniemi bölgələrində keçiriləcək və noyabrın 28-dək davam edəcək.

Təlimdə 3600-ə yaxın hərbi qulluqçu iştirak edəcək, onlardan 1250-yə yaxını beynəlxalq qüvvələrin əsgərləridir.  

Təlimin məqsədi Şimali Avropa regionunda Alyansın müdafiə qabiliyyətini nümayiş etdirmək, həmçinin NATO-nun Birgə Çevik Hərəkat Korpusu ilə əməliyyat komandanlığı, nəzarət və əməkdaşlıq üzrə təcrübə keçirməkdir.

“Təlimlərin miqyası göstərir ki, lazım gələrsə, biz Alyans üzvlərindən, eləcə də Alyansın silahlı qüvvələrinin komandanlığından çox tez dəstək ala bilərik. Bu, bizim öz səhra artilleriyamızın qüvvələrlə birlikdə və Alyansın vasitələrindən istifadə edərək Finlandiya və NATO-nun şimal hissəsində güclü müdafiə yaratmasının yaxşı nümunəsidir”, - deyə təlimin rəhbəri, polkovnik Yanne Myakitalo bildirib. 

Qeyd edək ki, NATO-nun “Dinamik cəbhə-25” təlimində 28 müxtəlif ölkədən 5 minə yaxın hərbçi iştirak edəcək.

Xatirə SADİQ