“Qış geyimi olmayan Əsəd ordusu kimin uğrunda döyüşməli idi?” – Hadi Əl-Bəhra
Suriyanın inqilabçı və müxalif qüvvələrinin Milli Koalisiyası prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra mülki hökumət qurmaq planlarını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.
Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı Milli Koalisiyanın sədri Hadi Əl-Bəhra bildirib ki, keçid hökumətinə HTS və ya digər ekstremist təşkilatların nümayəndələri daxil edilməyəcək.
“Keçid hökumət orqanının HTS-dən və ya Xilas Hökumətindən ibarət olmayacağına dair razılaşma var. Bu hökumət mülki olacaq”, - deyə o, qeyd edib.
O, nəzərə çatdırıb ki, Əsəd rejiminin süqutundan sonra Baas hakim partiyasının buraxilması niyyəti yoxdur. Amma 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqda edilən səhvlərə yol verməmək üçün Baas partiyasının normal siyasi qüvvəyə çevrilməsi planlaşdırılır.
“Onları ləğv etsək, biz onları təcrid edirik. Əgər təcrid etsək, onlar ekstremist olurlar. Məqsəd bölünmüş deyil, vahid Suriyaya sahib olmaqdır", - deyə Əl-Bəhra vurğulayıb.
Əl-Bəhra əmin edib ki, Əsədin əsas müttəfiqləri olan İran və Rusiyanın Suriya işlərinə müdaxiləsi məhdudlaşdırılacaq.
Onun sözlərinə görə, noyabrın 27-də başlanan əməliyyat uzunillik hazırlıq, yaxşı planlaşdırılmış əməliyyat, müasir texnologiyaların, xüsusən də pilotsuz təyyarələrin istifadəsi sayəsində uğurlu olub.
“Əsədin qoşunları bunu etməyib. Onların isinmək üçün uyğun qış geyimləri yoxdur. Çarpayıları yoxdur. Hamamları yoxdur. Bəs niyə döyüşməlidirlər? Kimin üçün? Bizim döyüşçülərimiz isə evlərinə qayıtmaq istəyən məcburi köçkünlərdir, ona görə də evlərinə qayıtmaq üçün mübarizə aparırlar”, - deyə Əl-Bəhra əlavə edib.
Xatırladaq ki, Suriyada 24 il ərzində hakimiyyətdə olan Əsəd rejimi “Heyət Təhrir əl-Şam” və ya “Levant Azadlıq Təşkilatı”nın rəhbərlik etdiyi üsyançıların 12 günlük hücumundan sonra 8 dekabrda süqut etdi.
Rusiyanın “TASS” və “RİA Novosti” agentliklərinin xəbərinə görə, Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin ailəsi ilə birlikdə Moskvadadır. Rusiya onlara sığınacaq verib.
Xatirə SADİQ