Tramp ilk iş günündə onların vətəndaşlığını ləğv etmək istəyir

Donald Tramp prezidentliyinin ilk günündə Konstitusiyanın 14-cü düzəlişində nəzərdə tutulmuş doğum hüququ üzrə vətəndaşlığı ləğv etmək niyyətində olduğunu açıqlayıb.

Dec 9, 2024 - 12:16
Tramp ilk iş günündə onların vətəndaşlığını ləğv etmək istəyir

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti bu barədə “NBC News”a müsahibəsində deyib. 

Tramp qeyd edib ki, bu ideyanı həyata keçirmək üçün Amerika xalqına müraciət vasitəsilə ABŞ Konstitusiyasını dəyişdirmək lazım gələ bilər. O, doğumla bağlı indiki vətəndaşlıq sistemindən narazılığını ifadə edib və bunu “gülünc” adlandırıb. 

O, nəzərə çatdırıb ki, belə təcrübə yalnız ABŞ-də mövcuddur, Kanada və ya Braziliya kimi digər ölkələrin nümunələrinə məhəl qoyulmayıb. “Biz buna son qoymalıyıq”, - deyə Tramp vurğulayıb.

“Axı bu hüquq Konstitusiyanın 14-cü düzəlişində təsbit edilib, bunu məhz necə dəyişdirməyi planlaşdırırsınız” sualına cavabında Tramp deyib ki, bunu icra hakimiyyəti vasitəsilə həyata keçirməyə hazırlaşır.

O bildirib ki, əvvəlki prezidentlik dövründə COVID-19 pandemiyası səbəbindən bu təşəbbüsü həyata keçirməyə vaxtı olmayıb.

Tramp uşaq ikən ABŞ-a gələn – “Xəyalpərəstlər” adlandırılan mühacirlər məsələsinə də toxunub. O, bildirib ki, bu təbəqənin statusu ilə bağlı güzəşt tapmaq üçün demokratlarla işləməyə hazırdır. 

“Biz “Xəyalpərəstlər”lə bağlı nəsə etməliyik. Onlar uğur qazanıblar, işləri, hətta biznesləri var. Bizə onlarla bağlı nəsə etmək lazım gələcək”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, 1868-ci ildə ratifikasiya olunmuş 14-cü düzəliş ABŞ-də doğulan hər kəsə vətəndaşlıq zəmanəti verir. Onu dəyişdirmək üçün ştatların dörddə üçünün razılığı lazımdır.
 
Xatirə SADİQ