Tramp fələstinliləri Qəzza zolağından köçürmək istəyir? – “Reuters”
ABŞ prezidenti Donald Tramp ərəb ölkələrinin liderlərini Qəzza zolağının sakinlərini qəbul etməyə razı salmağa çalışır.
SAVASHMEDİA.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Agentlik yazır ki, ABŞ-nin yeni hökuməti yenidənqurma işləri zamanı təxminən bir milyon yarım fələstinlinin məskunlaşdırılmasını təklif edir. Trampın fikrincə, köçürülmə ya müvəqqəti, ya da uzunmüddətli ola bilər.
ABŞ prezidenti qeyd edib ki, müharibə Qəzza zolağının dağılmasına səbəb olub və hazırda orada yaşamaq mümkün deyil.
Bundan oncə Trampın Yaxın Şərq regionu üzrə nümayəndəsi Stiv Vitkoff da bildirmişdi ki, fələstinlilərin Qəzzadan digər ölkələrə, o cümlədən İndoneziyaya köçürülməsinin mümkünlüyü nəzərdən keçirilir.
İndoneziya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, Ağ Evin planı haqqında heç bir məlumata malik deyillər və Fələstin muxtariyyətinin Qəzza zolağının müharibədən sonra yenidən qurulmasına kömək etməyə hazırdırlar.
İordaniya və Misirin hakimiyyət orqanları, eləcə də Fələstin administrasiyasının nümayəndələri bazar günü rəsmi olaraq bildiriblər ki, onlar müvəqqəti də olsa qəzzalıların köçürülməsi təklifi ilə razı deyillər.
Xatirə SADİQ