“Vaqner”in zabiti Kareliyadakı göldə ölü tapıldı – Priqojinin adamı idi...
Kareliyadakı Seqozero gölündə “Vaqner” PMC və onun qurucusu Yevgeni Priqojin ilə əlaqəli olan 37 yaşlı Ukrayna müharibəsi iştirakçısı Andrey Tkaçenkonun cəsədi tapılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Moscow Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, Leninqrad vilayətində yaşayan Andrey Tkaçenko səkkiz yaşlı oğlu ilə birlikdə Kareliyaya balıq tutmağa gedib. O, Segozeroda evi olan dostu Dmitrinin evində qalıb.
Oktyabrın 28-i səhər hər üçü icarəyə götürülmüş katerə minərək sahildən uzaqlaşıb. Bir müddət sonra tufan başladığından kater sahildən 400m aralıda aşıb. Tkaçenkonun uşağı ən yaxın adaya qədər üzə bilib, lakin atası və dostu boğulublar. Oktyabrın 30-da Tkaçenkonun dostunun cəsədi tapılsa da, hərbçinin meyitinin aşkarlanması daha dörd gün çəkib.
“Daily Karelia” nəşri xatırladıb ki, Tkaçenko 2022-ci ilin noyabrında Ukraynada müharibəyə gedib. Bundan əvvəl o, Suriya da daxil olmaqla, təxminən dörd il “Vaqner” PMC-də xidmət edib.
“Novaya qazeta” yazıb ki, Priqojinin yanında xidmətə başlamaqdan əvvəl Tkaçenko hüquq-mühafizə orqanlarında işləyib. O, Priqojinin tapşırığı ilə xarici işlər naziri Sergey Lavrovun kürəkəni olan sahibkar Aleksandr Vinokurovu izləyib. O zaman nəşr ehtimal edirdi ki, bu, biznesdəki toqquşmalarla bağlı ola bilərdi.
2020-ci ilin oktyabr-noyabr aylarında Mıtişi Şəhər Məhkəməsi Vinokurovun izlənilməsi işinə baxdı. Məlum olub ki, Tkaçenko hesabları və Vinokurovun “WhatsApp” mesajlarının arxivini Priqojinin müttəfiqi Aleksandr Maloletkoya göndərib. Buna görə o, 270 min rubl alıb. Sonra Tkaçenko dövlətə xəyanətdə ittiham olunmaq təhlükəsinə görə Priqojin və Maloletkonun əleyhinə ifadə verib. “PMC” rəhbərinə qarşı materialların davam etdirilməsinə icazə verilməsə də, Maloletko məsuliyyətə cəlb edilib.
Tkaçenko 2022-ci ildə Ukrayna müharibəsinə göndərildikdən sonra Belqorod vilayətində təxribat-kəşfiyyat qrupunda xidmət edib. 2024-cü ilin iyununda cəbhədən qayıdıb, Seqozeroda birlikdə öldüyü Dmitrinin dostunun şirkətində təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə işə düzəlib.
Xatirə SADİQ