“Gürcüstanda böyük etnik təmizləməyə hazırlaşırlar” – Mixail Saakaşvili
“Bugünkü mitinqdə insanların sayı vacibdir, lakin həlledici deyil. Daha önəmlisi aksiyaların müddəti, müqavimətin dərəcəsi və təşkilatçıların dürüstlüyüdür”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkələrdə yazıb.
O, qeyd edib ki, 26 oktyabr seçkilərində ölkə daxilində və xaricində cəlb olunmuş ictimaiyyət özünütəşkilat möcüzələrini göstərərək sınaqdan tam çıxıb.
Saakaşvilinin fikrincə, hazırda insanlar çox qəzəblidirlər və bu qəzəbin güclü etiraz hərəkatına çevrilib-çevrilməyəcəyi siyasi spektrin və vətəndaş sektorunun rəhbərliyindən və ahəngindən asılıdır.
“Dünyada Gürcüstanı izləyən hər kəs bir tərəfdən seçki saxtakarlığının həyasızlığına heyrətlənir, digər tərəfdən gürcü xalqının müqavimət göstərib-göstərməyəcəyini gözləyir. Bizim dəstəyimiz bundan asılıdır. Ümumiyyətlə, bu, elə haldır ki, gələcəyimiz tamamilə öz əlimizdədir. Biz hamımız başa düşməliyik ki, nəinki seçkilər oğurlanıb, həm də Gürcüstanda indi səbirsizliklə gürcülərin “yeni reallığa” uyğunlaşmasını gözləyən, sonra isə nəhayət, qalan azadlıqlara son qoymaq və kütləvi repressiyalar keçirmək niyyətində olan diktatura qurulub”.
Saakaşvili iddia edib ki, Gürcüstanda böyük etnik təmizləməyə və daha bir milyona qədər insanın ölkəni tərk etməyə məcbur edilməsinə hazırlıq görülür. “Çox vaxtımız yoxdur. Təbii ki, bizə də səbir lazımdır, amma səbirdən çox, onsuz da de-fakto qurulmuş diktaturaya qarşı aqressiv müqavimət lazımdır. Biz o vaxta qədər bacardığımız qədər mübarizə aparmalıyıq ki, sonra lazım olan qədər mübarizə aparaq!”, - deyə Mixail Saakaşvili vurğulayıb.
Xatirə SADİQ