Putin gecələri harada qalır? - Kreml rəhbərinin 3 gizli iş otağı

Rusiya Prezidenti Vladimir Putinin gecələri harada qaldığı və ölkəni hansı iqamətgahdan idarə etdiyi illərdir, müzakirə olunur. 

Jul 4, 2026 - 16:15
Putin gecələri harada qalır? - Kreml rəhbərinin 3 gizli iş otağı

SAVASHMEDİA.az xəbər verir ki, Kreml bu barədə rəsmi məlumat verməsə də, son araşdırmalar prezidentin istifadəsində olan gizli iqamətgahlarla bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Rusiyalı jurnalistlərin araşdırmasına görə, Putinin istifadəsində müxtəlif bölgələrdə yerləşən üç iqamətgah və həmin iqamətgahlarda demək olar ki, bir-birinin eyni olan 3 iş otağı var.

Onlar Moskva yaxınlığındakı Novo-Oqaryovo, Soçidəki Boçarov Ruçey iqamətgahı və Valday kompleksində yerləşir. Bu otaqların mebelləri, divarları, telefonları və hətta dekor elementləri belə eyni şəkildə hazırlanıb.

Müstəqil "Sistema" araşdırma qrupu yüzlərlə foto və videonu təhlil edərək müəyyən edib ki, Kremlin "Moskvada keçirilib" kimi təqdim etdiyi bəzi görüşlər əslində Soçi və ya Valday iqamətgahında lentə alınıb. Jurnalistlər bunu qapı dəstəyinin yeri, sənəd qabının taxta naxışı və digər xırda detallar vasitəsilə müəyyənləşdiriblər.

Xüsusilə Ukrayna müharibəsi başlayandan sonra Putin daha çox meşəlik ərazidə yerləşən Valday iqamətgahına üstünlük verir. Ekspertlər bunu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və mümkün pilotsuz uçuş aparatlarının hücum riskinin azaldılması ilə əlaqələndirirlər.

Daha əvvəl də Putinin təhlükəsizlik məqsədilə saxta avtomobil karvanlarından, eyni görünüşlü iş otaqlarından və gizli marşrutlardan istifadə etdiyi barədə məlumatlar yayılıb. Bu iddiaların bir hissəsi Kremlin keçmiş mühafizə xidmətinin əməkdaşlarının açıqlamalarına əsaslansa da, Rusiya hakimiyyəti onları şərh etməyib.

Son günlər Putinin təhlükəsizliyi yenidən gündəmə gəlib. Belə ki, Rusiya prezidenti onu və ailəsini qoruyan Federal Mühafizə Xidmətinin (FSO) mərkəzi aparatının ştat sayının artırılması barədə Fərman imzalayıb. 

Oğuz