Mehdiyevin “dostu”nun oğlu FSB-nin təsərrüfatını ələ keçirib
Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevin oğlu Andrey Patruşev “Taels” şirkətinin sahiblərindən birinə çevrilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Verstka” nəşri yazıb.
Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatına istinadən nəşr qeyd edib ki, “Taels” şirkəti Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş meşə təsərrüfatı və ovçuluq mülklərinə nəzarət edir.
Andrey Patruşev oktyabrın 14-də şirkətin 26,5%-ni alıb. Səhmi ona FSB-nin fəaliyyətinin təmin olunması xidmətinin rəhbəri general Mixail Şekinin qızı Yuliya Tixomirova verib. Tixomirova şirkətin səhmlərinin 20,5%-ni özündə saxlayır.
“Muflon” və “Oxotnik” şirkətləri də “Taels”in 26,5%-nə sahibdirlər. Birinci şirkət VTB-nin baş direktoru Andrey Kostinə, ikincisi isə Aleksey Titova məxsusdur. Titov FSB nəzdində İctimai Şuranın sədri, Kostinin müşaviri Vasili Titovun oğludur.
Yaroslavl vilayətindəki “Los” meşə təsərrüfatı müəssisəsi “Taels” şirkətində qeydiyyatdadır. Bu müəssisə 2009-cu ilə qədər FSB-nin federal dövlət unitar müəssisəsi olub, lakin sonra səhmdar cəmiyyətə çevrilib və 2014-cü ildə xüsusi mülkiyyətçilərə verilib. Bunun hansı şərtlərlə baş verdiyi məlum deyil.
Yaroslavl vilayətinin qubernatorunun fərmanına əsasən, “Los” AC-nin uzunmüddətli icarəsində 112,270 hektar ərazi var. Meşə təsərrüfatının torpaqları “Pleşeyevo Gölü” Milli Parkının qorunan ərazisinə bitişikdir.
Andrey Patruşev FSB-nin keçmiş direktoru və Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi, indiki prezidentin müşaviri Nikolay Patruşevin kiçik oğludur. O, FSB Akademiyasını bitirib və üç il xüsusi xidmətdə işləyib. Bundan sonra “Rosneft”in baş direktoru İqor Seçinin müşaviri, “Qazprom”da top menecer vəzifələrində çalışıb. 2019-cu ildə o, qaz şirkətinin baş podratçılarından biri olub.
“Verstka”ya görə, 2025-ci ilin əvvəlində kiçik Patruşevlə əlaqəli bir şirkət ümumi dəyəri 30 milyon dollardan çox olan iki biznes-jet alıb.
2024-cü ilin mayında Patruşev 16 il ərzində işlədiyi Təhlükəsizlik Şurasının katibi vəzifəsini itirib. Prezidentin köməkçisi kimi Putin ona gəmiqayırma işlərinə nəzarət etməyi tapşırdı. Patruşevi Ukraynaya qarşı genişmiqyaslı işğalın “memarı” adlandırırlar. “The Wall Street Journal” qəzetinin mənbələri iddia edirdilər ki, məhz o, Putini müharibəyə başlamağa inandırıb. Bu zaman ABŞ-nin Rusiyaya hücuma hazırlaşdığını və Moskvanın “önləyici zərbə” endirməli olduğunu iddia edib. Ekspertlər hesab edirlər ki, Patruşevin yeni təyinatı “ağır bürokratik məğlubiyyət” və “şərəfli təqaüd” deməkdir.
Yeri gəlmişkən, iddia olunur ki, hazırda haqqında həbs-qətiimkan tədbiri seçilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “hamisi” məhz Nikolay Patruşev olub.
Səlcuq