Məhkəməni uduzan şahzadə Henri atasından bağışlanmasını istədi - Krallıqda yeni qalmaqal
Britaniya şahzadəsi, Susseks hersoqu Henri ailəsindən aldığı zərbənin ardından məhkəmənin qərarı ilə də sarsılıb.
SAVASHMEDİA.az xəbər verir ki, 2020-ci ildə ailəsi ilə əlaqələrini qoparan, krallıqdakı bütün vəzifələrindən və imtiyazlarından könüllü şəkildə imtina edən şahzadə indi İngiltərə səyahətlərində krallığın rəsmi mühafizə xidmətini tələb edir.
Onun bu tələbi əvvəlcə ailəsi, sonra isə məhkəmə tərəfindən rədd edilib. Ailədən bildirilib ki, Henri İngiltərədə mühafizə ilə gəzmək istəyirsə, bunu şəxsi maddi imkanları çərçivəsində etməlidir. Həmin mühafizə xidməti xalqın vergiləri hesabına fəaliyyət göstərir, kral ailəsinin fərdlərini və onların ailəsini müşayiət edir. Henri könüllü şəkildə ailəsindən imtina etdiyinə görə artıq bu hüquqdan məhrum edilib.
Məhkəmə şahzadəyə 1,5 milyon funt-sterlinqə başa gəlib.
Məhkəmədə uduzandan sonra şahzadə Henri ingiltərə mətbuatına reportaj verib. Reportaj zamanı çox məyus və peşman görünən Henri krallığı məhkəməyə verdiyinə, “Spare” (Ehtiyat) adlı kitabında ailəsini sərt tənqid etdiyinə və irqçi adlandırdığına görə atasının onu bağışlamayacağını bildirib. Buna baxmayaraq, barışmaq və uzlaşmaq arzusunda olduğunu da bildirib:
“Ailəmlə uzlaşmağı, barışmağı çox istəyirəm. Atam mənlə danışmır. Onun nə qədər ömrünün qaldığını da bilmirəm. Həyat dəyərlidir, davamlı mübahisə və davaların mənası yoxdur. Atamdan məhkəmənin işinə qarışmamasını və hər şeyi mütəxəssislərin həll etməsini xahiş etdim. Qərardan sonra artıq Meganı və övladlarımı İngiltərəyə gətirə biləcəyimi düşünmürəm. Bəli, çox şey itirəcəklər, ancaq burada etibarlı bir dünya görmürəm”.
Şahzadənin verdiyi reportajdan sonra Bukingem Sarayı açıqlama yayıb. Açıqlamada bildirilib ki, bu məsələ məhkəmələr tərəfindən dəfələrlə və diqqətlə nəzərdən keçirilib, ancaq nəticə dəyişməyib.
Qeyd edək ki, kral ailəsi ilə bağlı qalmaqallar səngimir. Belə ki, bundan bir müddət əvvəl də şahzadə Uilyamın taxta çıxan kimi qardaşı Henrini və onun həyat yoldaşı Megan Marklı krallıq ünvanını ticarət vasitəsinə çevirdiyi və xanımı Keyt Middletonu tənqidlərə məruz qoyduğu üçün sərt şəkildə cəzlandıracağı, hersoq və hersoginiya titullarından məhrum edəcəyi bildirilmişdi.
Banu