"Mənim Anna ilə rəsmi nikahda olmamağım..." - Paşinyan kilsə ilə açıq savaşa girdi
Kilsə ilə bağlı qalmaqal yaşayan Ermənistanın baş naziri Nikol Paşinyan yeni açıqlamalarla çıxış edib.
SAVASHMEDİA.az-ın məlumatına görə, o, bütün ermənilərin Ali Patriarxının və Katolikosunun seçilməsi məsələsində Ermənistan hakimiyyətinin “həlledici səsə” malik olmasının vacibliyini vurğulayıb.
"Ermənistan bütün ermənilərin katolikosunun seçilməsində həlledici səsə malik olmalıdır. Katolikos vəzifəsinə namizədlər ilkin yoxlamadan keçməlidirlər. Bu məsələ birdəfəlik həll edilməlidir", - Paşinyan Facebook səhifəsində yazıb.
Xatırladaq ki, qalmaqal Erməni Apostol Kilsəsinin Nikol Paşinyanla xanımı Anna Akopyanın nikaha girmədən ər-arvad münasibətini qəbuledilməz adalandırmasından sonra başlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan isə sosial şəbəkələrdəki səhifələrində Erməni Apostol Kilsəsinin nümayəndələrinə qarşı sərt və təhqiramiz paylaşımlar ediblər.
Paşinyan paylaşımlarında nalayiq ifadələr işlədib, ruhanilərdən ona toxunmamağı və onu rahat buraxmağı tələb edib. O, həmçinin erməni yepiskoplarının subaylıq andına əməl edib-etmədiyini soruşub.
"Keşişin subaylıq andını pozduğu ortaya çıxanda nə baş verir? O, vəzifəsindən və rütbəsindən məhrum edilməlidir", Paşinyan bildirib.
Ermənistanın baş naziri Anna Akopyanla rəsmi nikahda olmaması ilə bağlı müzakirələrə də münasibət bildirib: "Bəziləri mənim rəsmi nikahda olmadığım üçün narahatdır. Bizim mənəvi elitamızın yarısı eyni mövqedədir, bəzilərinin isə bu heç vecinə də deyil".
Anna Akopyan öz səhifəsində ruhaniləri müxtəlif günahlar və yaramazlıqlar etməkdə ittiham edərək Paşinyana dəstək olub.
Ermənistan hökuməti baş nazirin sosial şəbəkələrdəki açıqlamalarını şərh etməkdən çəkinib. Paşinyanın və ya həyat yoldaşının hesablarının sındırılması ehtimalı barədə məlumat verilməyib. Hökumət başçısının mətbuat katibi Nazeli Bağdasaryan jurnalistlərin sorğularına cavab verməyib.
Paşinyanla kilsə arasında münasibətlər son illər gərgin olaraq qalır. Eçmiədzin kilsəsinin baş nazirin siyasətini kəskin tənqid edərək onu açıq şəkildə istefaya çağırması ilə münaqişə daha da böyüyüb. Buna cavab olaraq Paşinyan dəfələrlə kilsələr üçün vergilərin tətbiqini müdafiə edib və ötən il kilsəni “xarici təsir agenti” adlandırıb.
Oğuz