Mərkəzi Kəşfiyyat İdarəsinə Con Ratkliff gətirilir
Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Con Ratkliff rıhbərlik edəcək.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə yeni seçilmiş president Donald Tramp bildirib.
Onun sözlərinə görə, Con Ratkliff həmişə Amerika xalqı qarşısında həqiqət və dürüstlük uğrunda mübarizə aparıb. O, buna nümunə olaraq Klinton kampaniyası çərçivəsində təşkil olunmuş “Rusiya sövdələşməsi” saxta məlumatın ifşasını, FTB tərəfindən vətəndaş azadlıqlarının pozulması faktının məhkəmədə üzə çıxarılmasını göstərib. “Kəşfiyyat cəmiyyətinin 50-dən çox üzvü Hunter Baydenin noutbuku ilə bağlı yalan danışanda amerikalılara həqiqəti deyən Con Ratkliff adlı bir adam var idi", - Tramp açıqlamasında bildirib.
Tramp əlavə edib ki, Conun amerikalıların hər iki yüksək kəşfiyyat postunu tutan ilk şəxs olmasını səbirsizliklə gözləyir: “O, milli təhlükəsizliyi ən yüksək səviyyədə təmin etməklə və güc vasitəsilə sülhü qorumaqla bütün amerikalıların konstitusiya hüquqlarının qorxmaz müdafiəçisi olacaq”.
Xatırladaq ki, Con Ratkliff Milli Kəşfiyyatın keçmiş direktoru olub.
Bundan əlavə, Tramp Ağ Evin baş müşaviri vəzifəsinə Uilyam Makqinlinin namizədliyini irəli sürdüyünü və Stiv Uitkoffu Yaxın Şərq üzrə xüsusi elçisi seçdiyini təsdiqləyib.
Qeyd edək ki, Stiv Uitkoff Trampın seçki kampaniyasının sponsorlarından biri olub.
Xatirə SADİQ