"Müalicəvi qolbaq"lar şəkəri və təzyiqi həqiqətən salır? - Tibbi İZAH
Sosial şəbəkələrdə şəkər xəstəliyi və yüksək təzyiqə qarşı təsir göstərdiyi iddia olunan müxtəlif qolbaqların reklamı geniş yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, satıcılar bu məhsulların dərman istifadə etmədən qan təzyiqini normallaşdırdığını, hətta qanda şəkərin səviyyəsini tənzimlədiyini bildirirlər.
Bəs bu iddiaların elmi əsası varmı?
Tibb mütəxəssislərinin fikrincə, indiyədək hər hansı qolbağın və ya bilərziyin şəkərli diabeti müalicə etməsi, yaxud arterial təzyiqi aşağı salması barədə etibarlı elmi sübut yoxdur. Belə məhsulların əksəriyyəti maqnit, ion və ya enerji sahəsi prinsipi ilə işlədiyi iddiası ilə satılsa da, onların effektivliyi klinik tədqiqatlarla təsdiqlənməyib.
Həkimlər xəbərdarlıq edir ki, şəkərli diabet və hipertoniya ciddi nəzarət tələb edən xroniki xəstəliklərdir. Bu xəstəliklərin müalicəsində əsas rol düzgün qidalanma, həyat tərzinin dəyişdirilməsi və həkim tərəfindən təyin olunan dərman preparatlarına məxsusdur. Qolbaq kimi alternativ vasitələrə güvənərək müalicəni dayandırmaq isə sağlamlıq üçün ciddi risklər yarada bilər.
Bəzi insanlar bu məhsullardan istifadə etdikdən sonra özlərini daha yaxşı hiss etdiklərini desələr də, bu, çox vaxt "plasebo effekti" ilə əlaqələndirilir. Yəni insan məhsulun faydalı olduğuna inandığı üçün müəyyən müsbət dəyişiklik hiss edə bilər, lakin bu, xəstəliyin həqiqətən müalicə olunması demək deyil.
Bu səbəbdən vətəndaşlara sosial şəbəkələrdə yayılan sağlamlıq məhsullarını almadan əvvəl onların elmi əsaslarını araşdırmaq və mütləq həkim məsləhəti almaq tövsiyə olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, "möcüzəvi müalicə" vəd edən məhsullara ehtiyatla yanaşmaq lazımdır.
Səlcuq