Nazir minimum maaş və pensiyadan danışdı – “1 yanvar tarixindən...”

Son 7 ildə 4 mln. vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil etmişdir.

Nov 20, 2025 - 18:39
Nazir minimum maaş və pensiyadan danışdı – “1 yanvar tarixindən...”

SAVASHMEDİA.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14.3% artırılaraq 320 manata çatdırılmışdır. 1 iyul tarixindən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılmışdır. 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılmışdır.

"Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etməklə, illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8,1%-lik indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil etmişdir.

Aparılmış islahatların nəticəsidir ki, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artaraq 576 manat təşkil edib.

Əhaliyə dövlət büdcəsi hesabına ödənilən müavinət, eləcə də Azərbaycan Respublikasının Prezidentinin təqaüdü xərcləri artımların tətbiq edildiyi ötən ilin müvafiq ayları ilə müqayisədə 12%-dən çox artmışdır", - deyə A.Əliyev vurğulayıb.