"Nazirlər Kabineti ləğv edilməlidir" - Natiq Cəfərli yazır

Problemlər tək şəxslərdə deyil, həm də şəxslərdədir - əsas düyün sistemin özündə cəmləşib, indiki idarəetmə sistemi artıq effektiv çalışmır.

Apr 18, 2026 - 12:01
Apr 18, 2026 - 12:02
"Nazirlər Kabineti ləğv edilməlidir" - Natiq Cəfərli yazır

Son 15 ildə, bəlkə də, 150 dəfə publik çıxışlarımızda sistemin hansı dəyişikliklərə uğramasının zəruriliyindən danışmışıq. 

Məsələn, İcra Başçısı institutu işləmirsə, onları həbs etmək, yerlərini dəyişmək, işdən qovmaq nə effekt verə bilər ki?! Görünən odur ki, effekt vermir, deməli bu institut ləğv edilməli, ölkənin inzibati ərazi bölgüsü dəyişdirilməli, 14 iqtisadi rayon inzibati ərazi vahidlərinə çevrilməli, həmin ərazi vahidlərinə dövlət başçısı adına təyin edilmiş Prezidenti şəxsi nümayəndəsi rəhbərlik etməli, kommunal təsarrüfat, yollar, nəqliyyat və s. yerli məsələlər seçilmiş Bələdiyyələrə həvalə edilmılidir. 

İndiki sistemdə Nazirlər Kabineti də “atavizmdir” - əgər Azərbaycan vertikal idarəetməyə söykənən Prezident Respublikasıdırsa, Nazirlər Kabineti ləğv edilməlidir. 

Amma, daha doğru və effektiv yol başqadır: Nazirlər Kabinetinin rolu və forması, eləcə də məmurların məsuliyyət məsələsi həllini tapmalıdır. İndi Nazirlər Kabinetinin rolu anlaşılan deyil. Prezident özü Nazirlər Kabinetinin iclasını keçirir, tapşırıqlar verir, nazirləri qəbul edir. Bu halda Nazirlər Kabineti institusional olaraq nə işlə məşğuldur? Əgər heç bir işlə məşğul olmursa, onun qalmasının mənası nədir? Burada səlahiyyət və məsuliyyət bölgüsündə boşluqlar var. 

Şəxsi düşüncəmə görə, hökumətin sosial-iqtisadi məsələlərdə rolu artırılmalı, əslində hökumət parlamentdən çıxmalı və parlament qarşısında da ciddi məsuliyyəti olmalıdır. Proporsional qaydada yeni parlament seçkilərinə ehtiyac var ki, ciddi nəzarət mexanizmi yaransın. Prezidentin səlahiyyəti isə təhlükəsizlik, ordu, xarici siyasət və digər bu kimi məsələlərin həllindən ibarət olmalıdır. Yəni dövlətin işlək mexanizmlərinin formatlaşdırılması və idarə olunması birbaşa Prezidentin nəzarətində olmalıdır və institut bu sahələrdə daha da güclənməlidir – yəni, Prezident geniş səlahiyyətli Dövlət Başçısı funksiyasını yerinə yetirməli, Nazirlər Kabineti isə əsl hökumətə çevrilməlidir. 

Sosial-iqtisadi məsələlər hökumətin məsuliyyətinə keçməlidir. Yəni, hökumət həm səlahiyyət, həm də məsuliyyət sahibi olmalıdır bu zaman Prezidentin özü də hökumətin işini tənqid edə, onların məsuliyyətində olan sahələrdə yaranmış problemlərdən cavab tələb edə biləcək. 

Yəni səlahiyyətin və məsuliyyətin artıq proporsional qaydada, aydın şəkildə, konstitutsiyaya əsaslanan hüquqi zəmində bölünməsi zamanıdır – başqa sözlə, indiki Konstitusiya ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş, tarixi zəfər əldə etmiş, amma, iqtisadi problemləri həllində yerində sayan ölkəmizə dar gəlir, yeni Konstitusiya islahatlarına acil ehtiyac var...

Natiq Cəfərli
SAVASHMEDİA.az