"Neftçi" məni yarı yolda qoydu, telefonum açıq idi, heç kim zəng etmirdi" - Qara Qarayev hər şeyi danışdı
“Araz-Naxçıvan”ın yeni transferi Qara Qarayev dünən sabiq komandası “Neftçi”yə qarşı matçdan sonra bir qrup jurnalistə müsahibə verib
- Meydana çıxmasan da, “Araz-Naxçıvan”dakı ilk oyununda “Neftçi” üzərində qələbəyə sevindin. Təəssüratların necədir?
- Uzun müddətdir məşq etmirdim. Elmar müəllim sağ olsun, özgüvən verir mənə. Komandaya yeni qoşulmuşam. Qələbə münasibəti ilə kollektivi təbrik edirəm. Açıq deyim ki, “Araz-Naxçıvan”a gəldikdən sonra gördüm ki, klubdakı atmosfer möhtəşəmdir. Bu da mənim geridönüşüm üçün müsbət məqamdır.
- Adaptasiya prosesi necə keçir?
- Müəyyən ağrılarım var idi. Ağrılar olmasa, adaptasiya dövrü daha qısa çəkəcək. Hazırda məşqləri 60-70 faiz tam edə bilirəm.
- “Araz-Naxçıvan”a keçidinin məhz bu günlərdə açıqlanması “Neftçi ilə oyuna görə idi? Çünki danışıqların uzun müddət getdiyi deyilirdi...
- Yox, bu, təsadüfən belə alındı. Mənə Elmar müəllim zəng vurdu, elə həmin gün də razılaşdıq. Sırf “Neftçi” ilə oyuna görə düşüncəsi yox idi.
- Ölkə xaricindən də təklif aldığın deyilirdi...
- Düşdüyüm situasiya pis idi. Fərqli vəziyyət olsaydı, daha yaxşı təkliflər alardım. Uzun müddət “Neftçi”də oynamamaq, əvəzedici heyətə göndərilmək, sonra da klubdan ayrılmaq... Bundan sonra hansısa klubdan təklif almaq çətin idi. Bu, yaradılan situasiya ilə bağlı çətinlik idi. Vaxtında desəydilər, fərqli olardı. Halbuki Avropadan da təklifim var idi. Amma mən bundan imtina etdim. Sonra isə klub məni yarıyolda qoydu və belə vəziyyət yarandı.
- Meydana çıxmasan da, yeni komandandakı ilk oyununda səni “yarıyolda qoyanlar” adlandırdığın klub üzərində qələbə necə təsir bağışladı?
- Bu barədə düşünmürəm. Hər kəsdən də xahiş edirəm ki, mənə keçmişlə bağlı heç nə xatırlatmasınlar. Keçmişi heç düşünmürəm. Vicdanım rahatdır. İstənilən şəxsin qarşısında öz vəziyyətimi, öz haqqımı müdafiə etmək iqtidarındayam. Karyeram ərzində hər zaman vicdanla çalışmışam. Harda olmuşamsa, komandam üçün ən yaxşısını etmişəm.
- Artıq “Araz-Naxçıvan”da 1-2 məşqə çıxmısan. Necə düşünürsən, tam gücünü bərpa etmək üçün neçə tur, neçə müddət lazımdır?
- Elmar müəllim də deyir “tez ol, tez ol” (gülür). Lakin bu, fizioloji prosesdir. Artıq iki aydır yalnız fərdi məşqlərdə kifayətlənirdim. Buna görə də bir qədər zamana ehtiyac var. Ümid edirəm ki, tez bərpa olub, komandaya kömək edəcəm.
- Necə düşünürsən, yayda səni “Araz-Naxçıvan”ın heyətində avrokuboklarda görə biləcəyik?
- Heç vaxt idmanda vəd verməmişəm. Hər dəfə növbəti oyunu düşünmək lazımdır.
- Yaxşı, onda sualı belə qoyaq - “Araz-Naxçıvan”ın potensialı bu mövsüm avrokuboklara vəsiqə qazanmağa imkan verir?
- Məncə, bunu siz jurnalistlər, yaxud mütəxəssislər şərh etsələr, daha yaxşı olar. İndiki məqamda əsas hədəf gələn oyundur.
- Son zamanlar mətbuatda sənin haqqında çox xəbərlər tirajlandı. Gah “Turan Tovuz” və “Sabah”la razılıq əldə edə bilmədiyin deyildi, gah da karyeranı başa vurduğun. Ümumi olaraq bütün bunları necə şərh edərdin?
- Bəzi məlumatlar sadəcə şayiə idi. Ümumiyyətlə, son zamanlarda mediada haqqımda olmayan çox şey yazıldı. Bu gün də davam edirlər yazmağa. Açıq deyim ki, “Neftçi”dən ayrıldıqdan sonra “Araz-Naxçıvan”dan başqa heç kimdən təklif gəlməyib. Telefonum açıq idi. Yalnız “Araz-Naxçıvan”dan zəng gəldi. Bu klubla heç bir şərt də müzakirə etməmişik. Yalnız rəsmi sənədə qol çəkəndə bildim ki, aylıq maaşım nə qədərdir. İndiki məqamda vacib olan mənə inanmaqdır. Bəzi media qurumları müəyyən məbləğlər yazırlar. Yazmağın mənası nədir, nə etmək istəyirlər? İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq eləmirəm.