Netanyahu Polşa ərazisində həbs olunmayacaq - Tusk söz verdi 

İsrailin baş naziri Binyamin Netanyahu Osvensim həbs düşərgəsinin azad edilməsinin ildönümü üçün Polşaya gələcəyi təqdirdə həbs olunmayacaq. 

Jan 10, 2025 - 15:08
Jan 10, 2025 - 15:11
Netanyahu Polşa ərazisində həbs olunmayacaq - Tusk söz verdi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb. 

Məlumata görə, Baynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs orderinə zidd olaraq, Polşanın baş naziri Donald Tusk israilli həmkarının yubiley tədbirinə gələcəyi təqdirdə həbs olunmayacağına söz verib. 

Tuskun sözlərinə görə, o, ədliyyə və xarici işlər nazirlərinə müraciət edərək, bu qərarı qanuni şəkildə təmin etməyi xahiş edib.

“Bir tərəfdən bizdə ICC-nin orderi var, digər tərəfdən isə mənə əvvəldən aydın idi ki, İsrailin baş nazirinin, İsrail prezidentinin və ya İsrail dövlətinin digər nümayəndəsinin yubiley tədbirlərində iştiraka tam hüquqları var və onların təhlükəsizlik hissi olmalıdır. Təsəvvür edə bilmirəm ki, İsrailin siyasi liderləri Osvensim şəhərinin azad edilməsinin ildönümünün anım mərasimində təhlükəsiz şəkildə iştirak edə bilməyəcəklər, bu, tamamilə qəbuledilməzdir”, - Tusk bildirib.

Polşa hökuməti dünən İsrailin yüksək səviyyəli nümayəndələrinin azadlıq mərasimlərində sərbəst iştirakına zəmanət verən qətnamə dərc edib.

“Polşa hökuməti İsrail liderlərinin təntənəli tədbirlərdə təhlükəsiz iştirakını təmin etməyi, milyonlarla qızı və oğlu Holokost qurbanı olmuş yəhudi xalqına ehtiramın bir hissəsi kimi nəzərdən keçirir”, - deyə hökumət dəftərxanasının bəyanatında deyilir.

Xatirə SADİQ