Netanyahunun administrasiya rəhbəri SAXLANILDI

İsrail polisi bazar günü ölkənin baş naziri Benyamin Netanyahunun aparat rəhbəri Tzaçi Bravermanı Almaniyanın “Bild” tabloidinə məxfi kəşfiyyat məlumatlarının sızdırılması ilə bağlı aparılan istintaqa mane olmağa cəhd göstərdiyi iddiası üzrə dindirilmək üçün saxlayıb.

Jan 11, 2026 - 16:13
Netanyahunun administrasiya rəhbəri SAXLANILDI

Bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

Polis baş nazirin köməkçisinin saxlanılması faktını təsdiqləyib.

“Bu gün səhər “Lahav 433” bölməsinin əməkdaşları baş nazirin ofisindən olan yüksək vəzifəli bir məmuru istintaq prosedurlarına mane olmaqda şübhəli bilərək saxlayıblar”, - rəsmi açıqlamada bildirilir.

Polisin xüsusilə ağır cinayətlərin istintaqı üzrə şöbəsinin müstəntiqləri Bravermanın evində axtarış aparıb və onu Lod bölməsinin qərargahında ədalət mühakiməsinə mane olmaq şübhəsi ilə dindiriblər.

“13-cü kanal”ın məlumatına görə, polis əməkdaşları Bravermanın mobil telefonunu da müsadirə ediblər. Eyni zamanda bu iş üzrə ifadə verməsi üçün prokurorluğun nümayəndəsi Ömər Mansur da çağırılıb.

Daha əvvəl ittiham irəli sürülmüş Netanyahunun mətbuat katibi Eli Feldşteyn bildirib ki, Braverman məlumat sızması ilə bağlı gizli istintaqdan ictimaiyyətə açıqlanmasından bir neçə ay əvvəl xəbərdar olub.