“Netanyahunun Almaniya ərazisində həbsi istisna edilmir” – Annalena Berbok

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) verdiyi həbs qərarı əsasında İsrailin baş naziri Benyamin Netanyahunun Almaniya ərazisində həbs oluna biləcəyi istisna edilmir.

Nov 26, 2024 - 14:19
“Netanyahunun Almaniya ərazisində həbsi istisna edilmir” – Annalena Berbok

SAVASHMEDİA.az “DW”-yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok G7 xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşü çərçivəsində kuluarlarda deyib.

Nazir qeyd edib ki, federal hökumət qanunlara riayət edir: "Heç kim qanundan üstün deyil”.

Onun sözlərinə görə, məhkəmə hakimiyyətinin müstəqilliyi qüvvədədir. “Bu məhkəmə bu işdə belə nəticəyə gəlib ki, indi bu addımı atmaq üçün kifayət qədər sübut var”, - deyə nazir əlavə edib.

Görüş zamanı G7 ölkələrinin xarici işlər nazirləri ICC-nin Netanyahu ilə bağlı qərarının nəticələrini müzakirə edir və İsrail baş nazirinin xaricə səfər edəcəyi təqdirdə onun həbsi ilə bağlı ümumi mövqe hazırlamağa çalışırlar.

İtaliya görüşün təşkilatçısı kimi G7-nin bütün üzv dövlətləri tərəfindən dəstəklənəcək formula hazırlayır.

Noyabrın 21-də ICC Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı Qəzza zolağında törədilən insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinə görə həbs etmək üçün order verib.

Netanyahu qərarı antisemitizm adlandırıb və məhkəmənin ittihamlarını “absurd və yalan” kimi rədd edib. 

İsrailin ən yaxın müttəfiqləri, o cümlədən ABŞ İCC-nin həbs qərarını pisləyib. 

Xatirə SADİQ