“Rusiya uzun müddət təhlükə olaraq qalacaq” – NATO baş katibi

“Rusiya Ukrayna ilə sülh sazişindən sonra belə, hələ uzun illər NATO-ya təhlükə yaratmaqda davam edəcək”.

Apr 3, 2025 - 15:35
“Rusiya uzun müddət təhlükə olaraq qalacaq” – NATO baş katibi

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte təşkilatın Brüsseldə xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasından əvvəl bildirib.

Baş katib qeyd edib ki, alyans öz ərazisini Rusiyadan necə qorumağı planlaşdırmalıdır, çünki Ukrayna ilə sülhün bağlanması ilə həmin ölkənin təhlükəsi aradan qalxmayacaq.

“2032-ci il diqqət mərkəzindədir – NATO ərazisini ruslardan, bizim uzunmüddətli təhlükəmizdən necə qorumaq lazımdır. Ümid edirəm ki, Ukrayna ilə bağlı razılaşma əldə ediləcək, amma bundan sonra belə Rusiya təhlükə olaraq qalacaq. Rusiya təhlükəsi hələ uzun illər mövcud olacaq”, - deyə Mark Rutte bildirib.

NATO-nun baş katibi təsdiqləyib ki, Birləşmiş Ştatlar alyans daxilində etibarlı müttəfiq olaraq qalır: “Siz gördünüz, prezident Tramp 5-ci maddə, NATO, özünün tam sadiqliyi haqqında dedi”.

O əlavə edib ki, amerikalıların gözləntiləri barədə bilir. 

“Onlar avropalıların və kanadalıların daha çox xərcləməsini gözləyirlər. Bu məsələ bu gün gündəmdə olacaq. ABŞ-dən açıq bir gözlənti var ki, biz NATO-nun Avropaya olan xərclərini onların etdikləri ilə uyğunlaşdıracağıq. (Bu, zəruridir) Rusiya təhdidinə, Çinin nüvə silahlarını artırmasına və təbii ki, İran və Şimali Koreyaya görə", - deyə Mark Rutte diqqətə çatdırıb.

Xatirə SADİQ