Şimali Koreyalılar Rusiyada ölməmək üçün 500 dollara saxta arayışlar alır  

Şimali Koreya lideri Kim Çen In Rusiyanın “ət hücumu” taktikasından şok olub və itkilər çox yüksək olduğu üçün qoşunlarını geri çəkib.

Feb 1, 2025 - 21:32
Şimali Koreyalılar Rusiyada ölməmək üçün 500 dollara saxta arayışlar alır  

SAVASHMEDİA.az “The New York Times” nəşrinə istinadla xəbər verir ki, artıq Şimali Koreyada Rusiyaya əsgər göndərilməsi ilə bağlı gizli narazılıqlar eşidilir. Onlar əsgər getməmək üçün isə maraqlı bir üsul tapıblar.

Belə ki, Şimali Koreyalılar Rusiyada cəbhəyə getməyə məcbur olmamaq üçün saxta vərəm xəstəliyinə tutulublar. Ailələr kişiləri döyüş bölgələrinə göndərilməkdən qorumaq üçün saxta tibbi arayışlara orta aylıq əmək haqqının 100 qatından çox pul xərcləyir.

ABŞ və Cənubi Koreya Kim Çen In rejiminin artıq Rusiyaya 12 minə qədər hərbçi göndərdiyini təxmin edir. Onlar Kursk yaxınlığındakı döyüşlərdə iştirak edərək, Ukraynanın əks-hücumuna qarşı rus qoşunlarına kömək edirlər. Bununla belə, nə Moskva, nə də Pxenyan münaqişədə Şimali Koreya əsgərlərinin olmasını rəsmən etiraf etmir.

Şimali Koreya 1,3 milyon aktiv hərbi qulluqçu və daha 7,6 milyon ehtiyat əsgəri ilə dünyanın ən böyük ordularından birinə malikdir. Kişilər 10 il, qadınlar isə 5 il xidmət etməlidirlər. Bu, bir çox qohumları öz yaxınlarını səfərbərlikdən azad etmək üçün yollar axtarmağa məcbur edir.

“Azad Asiya” radiosunun məlumatına görə, saxta vərəm sertifikatı almaq üçün həkimlərə rüşvət verilməsinin dəyəri ötən illə müqayisədə 5 dəfə artaraq 100 dollardan 500 dollara yüksəlib. Əksər ailələr üçün bu, böyük məbləğdir, çünki Şimali Koreyada dövlət qulluqçusunun orta aylıq əmək haqqı cəmi 1-3 dollardır. Bununla belə, bir çox insanlar yaxınlarının cəbhədə ölə biləcəyindən qorxduqları üçün pul ödəməyə hazırdırlar.

“Gizli qorxu var ki, oğulları orduya getsələr və Rusiyaya göndərilsələr, valideynləri onları bir daha sağ görməyəcəklər”, - Ryanqqanq əyalətinin sakini deyib.

Ukrayna hərbi nəzarətində olan Şimali Koreya əsgərinin sözlərinə görə, ona Rusiyaya gedəcəyi barədə əvvəlcədən məlumat verilməyib. Bir çox Şimali Koreyalılar hadisələrin bu dönüşündən təəccübləndilər və kimə qarşı vuruşmalı olduqlarını başa düşmədilər.

"Bizim düşmənimiz kimdir? Bizə yeni düşmən niyə lazımdır?" - Azad Asiya radiosu Ryanqqanq sakinlərindən birinə istinadən bildirir.

Bildirilir ki, mərhumun yaxınları ölümün faktiki halları göstərilmədən “Vətənin şərəfinə müqəddəs döyüş təlimləri” yazılan rəsmi ölüm şəhadətnaməsi alırlar.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, indiyədək Kurskda 3800 Şimali Koreya əsgəri həlak olub.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Pxenyan yeni səfərbərlik dalğasına hazırlaşır. Müharibənin Tədqiqi İnstitutu (ISW) növbəti qoşun yerləşdirilməsinin martın ortalarında baş verə biləcəyini və Şimali Koreyanın itkilərinin ayda 45,000-ə çatacağını proqnozlaşdırır.

Oğuz