ABŞ məhkəməsi Harvard Universitetinin tərəfini tutdu

ABŞ-nin dairə məhkəməsi Tramp administrasiyasının Harvard Universitetinə ayrılan 2 milyard dollardan çox maliyyə vəsaitini qeyri-qanuni olaraq ləğv etməsi barədə qərar çıxarıb.

Sep 4, 2025 - 14:10
ABŞ məhkəməsi Harvard Universitetinin tərəfini tutdu

SAVASHMEDİA.az bu barədə CNN telekanalına istinadən xəbər verir.

Məlumata görə, ABŞ dairə məhkəməsinin hakimi Əllison Barrouz Ağ Ev administrasiyasının universitet şəhərciyində antisemitizmlə mübarizə aparmağa çalışdığına dair arqumentini rədd edib.

“Harvard Universiteti elə indicə Tramp administrasiyasına qarşı mübarizədə tarixi qələbə qazanıb. Federal hakim Ağ Ev tərəfindən dondurulmuş federal tədqiqat maliyyəsinin 2 milyard dollardan çox hissəsini bərpa etmək səylərində universitetin tərəfini tutub”, - deyə CNN vurğulayıb.

Ağ Evin nümayəndəsi Liz Hyuston bildirib ki, Tramp administrasiyası məhkəmənin qərarından “dərhal şikayət verəcək”.

“Hər bir qərəzsiz müşahidəçiyə aydındır ki, Harvard Universiteti öz tələbələrini təqiblərdən qoruya bilməyib və uzun illər kampusda ayrı-seçkiliyin hökm sürməsinə imkan verib. Harvard vergi ödəyicilərindən pul almaq üçün konstitusion hüquqa və gələcəkdə qrant almaq hüququna malik deyil”, - deyə Hyuston iddia edib. 

Xatırladaq ki, ABŞ Təhsil Nazirliyi yazda Harvard Universitetinə ayrılan 2,2 milyard dollarlıq dövlət maliyyəsinin dondurulduğunu elan etmişdi. Bu, ali məktəbin Tramp administrasiyasının tələblərini rədd etməsindən sonra baş vermişdi.

Xatirə SADİQ