ABŞ prezidenti dövlət ənənəsini pozacaq – 1 trilyon dollar xatirinə
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfər etməsi üçün şərtini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Tramp Oval kabinetdə jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı 4 il ərzində Amerika hərbi texnikasına və digər mallarına 1 trilyon dollar xərcləməyə razılaşdıqdan sonra Ər-Riyada səfər edə bilər.
O, xatırladıb ki, Səudiyyə Ərəbistanına son səfəri 450 milyard dollarlıq müqavilə ilə nəticələnib: “Son dəfə Səudiyyə Ərəbistanına gedəndə onlar 450 milyard dollar sərmayə qoydular. İndi onlar daha varlıdılar, biz hamımız isə qocalmışıq. Ona görə də dedim: “Bir trilyon dollar ödəsəniz, gələcəyəm” – dörd il ərzində Amerika şirkətlərinə 1 trilyon dollar. Və onlar buna razılaşdılar, mən də ora getməyə hazırlaşıram”.
Tramp həmçinin qeyd edib ki, adətən ABŞ prezidentinin ilk xarici səfəri Böyük Britaniyaya olur, lakin o, bu ənənəni dəyişmək qərarına gəlib, çünki Səudiyyə Ərəbistanına səfər maliyyə baxımından faydalı ola bilər.
ABŞ-nin 47-ci prezidenti rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında yaxın vaxtlarda görüşməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Xatirə SADİQ