Əlvida, Kolxozstan! – 15
Bəs necə oldu ki, İvanovkada Kalinin adına kolxoz ölkədəki bütün digər kollektiv təsərrüfatlardan uzun ömür sürdü?
Bu kolxoz rus əhalini kənddə, Azərbaycanda saxlayırdı. İvanovka ölkəmizin Havay adası, ruslar havaylılarımız oldular.
Onları hər gələnə göstərib deyirdilər ki, görun rus necə xoşbəxt yaşayır. Deməli, biz yaxşıyıq. Azərbaycanlının Azərbaycanda necə yaşadığından danışan yox idi. Eləcə də, Rusiyanın bazar və küçələrində səbəbsiz vəhşicəsinə döyülməsi barədə.
Kolxoz həqiqətən varlı idi. Necə də olmasın! Traktor lazımdır – buyur. Kombayn istəyirsən – götür. Avtomaşınlar, ehtiyat hissələri, tikinti materialları, gübrə – qurbandır rusa. Belə təsərrüfatın rəhbəri də tamaşalıq olmalıdır. Mütləq deputat. Əlbəttə, Sosialist Əməyi Qəhrəmanı. Sədr Nikolay Vasilyeviç Nikitin məhz bu cür yetişdirilmişdi. Deyilənə görə, onun sözü o qədər keçərli idi ki, rayon partiya komitəsinin katibini işindən rədd etdirə bilərdi.
Kolxozçular Nikitinin şovinist tezislərini unutmayıblar. Məsələn, hətta ümumi yığıncaqda çəkinmədən demişdi ki, müsəlmanlar (azərbaycanlılar və ləzgilər) kolxoza, kəndə yamaqdırlar. Bu vicdanın yiyəsi vəzifədə ölənədək qaldı (1953–1994). Sədr ikən ona ali təhsil diplomu da “təşkil” etdilər: 42 yaşında S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdi. Qiyabi... Azərbaycan KP MK-nın və Ali Sovet Rəyasət Heyətinin üzvü oldu. Ümidvaram, məni bağışlayarsan ki, əldəqayırma “ulduz”un orden və medallarını sadalamadım. Onları müharibədə, döyüşlərdə deyil, vəzifə yürüşünün hamar yolunda əldə etmişdi. Bəlkə azərbaycanlıların İvanovkada həyatını, gününü qara etdiyinə görə də. Məsələn, tənha qadın, tibb işçisi mərkəzi küçədə, istirahət parkı ilə üzbəüz köhnə bir evi almaq istədikdə, Nikitin sənədləri imzalamadı: mərkəzə başqa millətin adamını yerləşdirmək Nikitinin şovinist əqidəsinə uyğun gəlmirdi. Təsadüfən həmin vaxt sədrin əziz adamı xəstələnir və azərbaycanlı tibb bacısı onun qayğısını çəkir. Yalnız bundan sonra Nikitinin ürəyi yumşalır və müstəsna hal kimi evin rus olmayana satılmasına icazə verir.
Nikitinin bibisi oğulları İvan və Nikolay Dubrovinlər kənddə iş, çörək sahibi olsalar da, hörmət qazanmadılar. Qardaşların ailəvi ləqəbi Kovpak idi. İvan dayısı oğlunun sürücüsü və inanılmış adamı oldu. Nəyisə çatdırmaq, gətirmək, hansısa işi düzəltmək üçün qeyri-rəsmi səlahiyyətləri və imkanı almışdı. Rayon rəhbərlərinin kabinetlərinə sərbəst girə bilirdi. Doğrudur, təhsili az, savad və düşüncəsi ondan da aşağı idi.
Nikolay sədrin sayəsində ali təhsil aldı, Azərbaycan KP MK-da inspektor vəzifəsinə çatdırıldı. Sonra isə öz xislətinə uyğun işə keçirildi – xalqımızın qatı düşməni Polyaniçkonun komandasına. 2014–2015-ci illərdə qohumu adına kolxozun sədri də oldu. Bir il kef etdi, piyləndi. Camaat – ləzgilər, azərbaycanlılar – onu sevmirdi. Devirən isə öz rusları oldular. Cəmi 1 il. Bu, onun dəyər göstəricisidir.
Əgər ürəyin yumşaq, dərrakən isə bərkdirsə, əlilə, şikəstə yazıgin gəlməsin. Onlar öz fiziki qüsurunu dərk və qəbul edir, bununla yaşayırlar. Yazığın gəlsin kolxozçuya. Çünki o, köləliyini, itaətkarlığını inkar edir, hələ gənc ikən özünü “şəhərlidən ağıllı” sayır. Bir ifadə isə bunu gözəl, dəqiq aşkarlayır:
“Kolxozçunu kənddən çıxarmaq olar, amma kəndi kolxozçudan dartıb çıxarmaq mümkun deyil”.
Bu dəfə son kolxoz İvanovkadan və Azərbaycandan həqiqətən çıxarılıb tarixin şambosuna atıldı. Ötən ay xəbər gəldi ki, Nikitin adına kolxoz ləğv edilib. Yaxşı xəbərdir.
A.ƏZİZ