“Facebook”, “Instagram” və “WhatsApp” niyə çökmüşdü?
“Meta” şirkətinə məxsus sosial şəbəkə və mesajlaşma platformalarında qısa müddətli texniki problem yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, iyunun 12-də dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda istifadəçilər “Facebook” və “Instagram” hesablarına daxil olmaqda çətinlik çəkiblər.
Bir çox istifadəçi lentlərin yenilənmədiyini, səhifələrin açılmadığını və hesablarına girişin mümkün olmadığını bildirib. Problemlə bağlı minlərlə şikayət qeydə alınıb.
Bununla yanaşı, “WhatsApp”ın veb versiyasında da nasazlıq müşahidə olunub. İstifadəçilər mesajların sinxronlaşdırılmaması və xidmətə qoşulmaqda problemlərlə üzləşiblər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, problem “Meta”nın bir neçə xidmətini eyni vaxtda əhatə edib.
Hadisənin ilk saatlarında “Meta” tərəfindən rəsmi açıqlama verilməsə də, sonradan xidmətlərin fəaliyyəti mərhələli şəkildə bərpa olunub. Hazırda “Facebook”, “Instagram” və “WhatsApp” normal rejimdə işləyir.
Mütəxəssislər bildirirlər ki, bu cür qlobal nasazlıqlar adətən platformaların ortaq texniki infrastrukturunda yaranan problemlərlə bağlı olur.
Oğuz