Tramp Kanada və Meksikanın qarşısında geri çəkildi
ABŞ prezidenti Donald Tramp növbəti dəfə Kanada və Meksikadan gətirilən böyük qrup mallara tətbiq edilən 25%-lik rüsumları aprelin 2-dək dayandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kanadada bu qərar amerikalı fermerlər üçün vacib olan kalium tariflərini dayandırır, lakin Trampın ayrıca 10% rüsum tətbiq etdiyi enerji məhsullarını tam əhatə etmir.
Tramp bu qərarı Meksika prezidenti Klaudiya Şeynbaumla danışdıqdan sonra aldığını deyib. “Mən bunu güzəşt və prezident Şeynbauma hörmət olaraq etdim. Münasibətlərimiz çox yaxşı olub və biz həm qeyri-qanuni əcnəbilərin ABŞ-yə daxil olmasının, həm də fentanilinin qarşısını almaq baxımından sərhəddə səylə çalışırıq. İşə can yandırdığına və əməkdaşlığına görə prezident Şeynbauma təşəkkür edirəm!”, - deyə ABŞ prezidenti “Truth Social”da yazıb.
CNN qeyd edir ki, Trampın imzaladığı fərman Meksika və Kanadaya aiddir. Bu addımın həftənin əvvəlində birjanın enişi ilə bağlı olub-olmaması ilə bağlı suala cavab olaraq yüksək səviyyəli administrasiya məmuru xatırladıb ki, prezident üç ən böyük avtomobil istehsalçısı – “Ford”, “General Motors” və “Stellantis”in rəhbərləri ilə görüşüb. Bu görüş prezidentin qərarına təsir göstərib. Çərşənbə günü o, Meksika və Kanadaya bir ay müddətinə avtomobil tariflərindən imtina edib.
Xatırladaq ki, fevralın 4-dən Donald Tramp Kanada və Meksikadan idxal olunan məhsulların əksəriyyətinə 25 faizlik gömrük rüsumları tətbiq olunması ilə bağlı fərman imzalamışdı. Lakin Meksika və Kanada rəhbərləri ilə telefon danışıqlarından sonra o, bu fərmanın icrasını martın 4-dək təxirə saldı. Martın 4-də fərmanın icrasına başlanılmasından 3 gün sonra Tramp geriyə addım atmalı oldu.
Kanadanın maliyyə naziri Dominik Leblan xatırladıb ki, ABŞ-nin ertələmə qərarından sonra Kanada da aprelin 2-dək 125 milyard dollarlıq ABŞ məhsullarına tariflərin ikinci dalğasını tətbiq etməyəcək. “Biz bütün tarifləri aradan qaldırmaq üçün işləməyə davam edirik”, - deyə maliyyə naziri vurğulayıb.
Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trudeau 155 milyard dollar dəyərində Amerika mallarına 255 tariflərin tətbiq olunacağını elan etmişdi. O, Trampın qərarını “səfeh hərəkət” kimi qiymətləndirmişdi.
Xatirə SADİQ