Pensiya növünü dəyişmək mümkündür? - SADƏ İZAH

Azərbaycanda əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə olmaqla üç növü mövcuddur. 

Jun 12, 2026 - 00:33
Pensiya növünü dəyişmək mümkündür? - SADƏ İZAH

SAVASHMEDİA.az xəbər verir ki, bu pensiya növlərinin hər biri üzrə ayrıca hesablanma qaydaları tətbiq edilir və pensiyanın məbləği vətəndaşın sığorta göstəriciləri əsasında müəyyən olunur.

Mövcud qanunvericiliyə əsasən, vətəndaşın eyni vaxtda bir neçə növ pensiya almaq hüququ yarandıqda, ona yalnız bir pensiya təyin edilir. Lakin belə hallarda şəxs hansı pensiya növünün onun üçün daha sərfəli olduğunu nəzərə alaraq seçim etmək hüququna malikdir.

Eyni zamanda, sonradan digər pensiya növü üzrə hüquq yarandıqda və ya həmin pensiyanın məbləği daha yüksək olduqda, vətəndaş öz müraciəti əsasında bir pensiya növündən digərinə keçə bilər. Bu zaman yeni pensiya qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanır və təyin edilir.

Mütəxəssislərin sözlərinə görə, pensiya növünün dəyişdirilməsi xüsusilə əlillik pensiyası alan şəxslərin yaşa görə əmək pensiyası hüququ əldə etməsi və ya ailə başçısını itirməyə görə pensiya alan vətəndaşların sonradan digər pensiya növünə keçməsi hallarında aktual olur.

Qeyd edək ki, pensiyanın növünün dəyişdirilməsi və yenidən hesablanması ilə bağlı müraciətlər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumlarına və ya elektron xidmətlər vasitəsilə təqdim oluna bilər. Bu zaman vətəndaş üçün daha əlverişli hesab edilən pensiya növünün seçilməsi imkanı yaradılır.

Aytən