Haiti millisinin formasında niyə Polşa bayrağı var? - VƏFA BORCU + FOTO

2026-cı il dünya çempionatında iştirak edən Haiti millisinin yeni forması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Jun 12, 2026 - 12:03
Haiti millisinin formasında niyə Polşa bayrağı var? - VƏFA BORCU + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, formanın üzərindəki ağ-qırmızı rəngli təsvir Polşa bayrağına ehtiram əlaməti sayılır və bunun iki xalq arasında əsrlərdir davam edən dostluğun rəmzi olduğu bildirilir.

Məsələnin kökü isə XIX əsrin əvvəllərinə gedib çıxır.

1802-ci ildə Fransa imperatoru Napoleon Bonapart Haiti ərazisində baş qaldırmış azadlıq hərəkatını yatırmaq üçün Polşa legionlarının bir hissəsini Karib hövzəsinə göndərmişdi. Lakin polyak əsgərlər qulların və yerli əhalinin müstəqillik uğrunda mübarizəsinə rəğbət göstərərək Fransa ordusunu tərk etmiş, haitililərin tərəfindən döyüşmüşdü.

Haiti 1804-cü ildə müstəqilliyini əldə etdikdən sonra ölkənin ilk rəhbərlərindən olan Jean-Jacques Dessalines həmin polyaklara vətəndaşlıq vermişdi. Bu hadisə Haiti tarixində xüsusi yer tutur və bu gün də iki xalq arasında dostluğun simvollarından biri hesab olunur.

Məhz buna görə sosial şəbəkələrdə Haiti millisinin formasındakı ağ-qırmızı təsvir Polşaya minnətdarlıq jesti kimi təqdim olunub. Lakin son araşdırmalar göstərir ki, sözügedən element rəsmi olaraq Polşa bayrağı deyil. Forma istehsalçılarının açıqlamasına görə, bu, Haiti inqilabını və müstəqillik mübarizəsini əks etdirən qrafik kompozisiyanın bir hissəsidir. Mavi forma üzərində daha yaxşı görünməsi üçün rəng çalarlarının dəyişdirilməsi isə təsvirin Polşa bayrağına bənzəməsinə səbəb olub.

Beləliklə, Haiti millisinin formasında Polşa bayrağının rəsmi şəkildə yer aldığı barədə iddia tam təsdiqlənməsə də, Haiti ilə Polşa arasında iki əsrdən artıq tarixə malik dostluq və həmrəylik hekayəsi həqiqətən mövcuddur və bu gün də hər iki xalq tərəfindən hörmətlə xatırlanır.

Oğuz