Mükafatı 4 yaşından tanıdığı xanımına həsr etdi - Harri Keynin maraqlı SEVGİ HEKAYƏSİ

“Bayern Münhen”in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” (“Ballon d'Or”) mükafatına layiq görülüb.

Oct 29, 2026 - 15:56
Oct 29, 2026 - 16:02
Mükafatı 4 yaşından tanıdığı xanımına həsr etdi - Harri Keynin maraqlı SEVGİ HEKAYƏSİ

SAVASHMEDİA.az xəbər verir ki, 33 yaşlı futbolçu mükafatlandırma mərasimində çıxış edən zaman xanımına təşəkkür edib.

“Həyat yoldaşım Keytə, ən yaxşı dostuma... Birlikdə çox eniş-çıxışlar yaşamışıq. Ən böyük dəstəkçim sənsən. Bunu məndən də çox istədiyini hiss edirdim” deyən Harri Keyn mükafatı xanımına həsr edib.

Bundan sonra futbolçunun profesional karyerası ilə yanaşı ailə həyatına olan maraq da artıb. Xüsusilə H.Keynin xanımının kimliyi, onların necə tanış olması və ailə qurması kimi məsələlər gündəmə gəlib.

Harri Keynlə həyat yoldaşı Keyt Qudland Londondakı Larksvud ibtidai məktəbində oxuyarkən, təxminən 4 yaşlarında tanış olublar. Daha sonra ingiltərəli futbol ulduzu Devid Bekhemin də təhsil aldığı Çinqford Fond Məktəbində təhsillərini davam etdiriblər. 12 yaşları olanda – 2005-ci ildə Devid Bekhemin təsis etdiyi futbol akademiyasının açılışında ulduz futbolçu ilə şəkil çəkdiriblər.

Harri ilə Keytin dostluq münasibəti sonradan sevgiyə çevrilib. Cütlüyün ilk qızı Ayvi Ceyn 2017-ci ilin yanvarında dünyaya gəlib. Həmin ilin iyun ayında Harri Keytə Baham adalarında diz çökərək evlilik təklif edib.

2018-ci ilin avqustunda onların ikinci qızı Vivyen Ceyn doğulub. Cütlük 2019-cu ilin 19 iyununda rəsmi nikah bağlayıblar. Onların toy mərasimi yalnız ailə və dostlarının iştirakı ilə qapalı keçib.

Evlilikdən sonra Harri və Keytin Lui və Henri adlı övladları dünyaya gəlib. Ailə 2023-cü ildə futbolçunun Almaniyanın “Bavariya” klubuna keçməsindən sonra Münhenə köçüb.

Keyt Qudlend idman sahəsində təhsil almış mütəxəssisdir. O, 2014-cü ildə Midlseks Universitetində idman elmləri üzrə təhsilini birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib. Karyerasına fitnes məşqçisi kimi başlayıb. Hazırda fitnes məşqçisi və şəxsi təlimçi kimi fəaliyyət göstərir. 

Banu