Tanınmış aktyor İmamoğluya görə saxlanıldı - FOTO
Türkiyədə reytinq rekordları qıran “Şakir Paşa ailesi” serialında “Cevat” obrazını canlandıran aktyor Cem Yiyit Üzümoğlu saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Üzümoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq gənclərin başlatdığı “2 aprel- istehlak boykotu”na dəstək verməsi olub. Üzümoğlu ilə yanaşı boykota dəstək verən 10 nəfər də saxlanılıb.
Üzümoğlunun saxlanılmasından sonra Türkiyənin məşhur aktyorları sosial şəbəkə hesablarında ona dəstək olublar:
Aktrisa Nurgül Yeşilçay “Bütün həmkarlarımın yanındayam”
Aktyor Kubilay Aka: “Həmkarım Cem Yiyit Üzümoğlunun həbsini pisləyirəm. Hər hansı bir həmkarımın və ya vətəndaşın öz fikrini sərbəst ifadə etdiyinə görə həbs olunmasını gələcək üçün çox təhlükəli hesab edirəm. Bu gün bir insanın ağzını əllərinizlə bağlaya bilərsiniz, amma xoşbəxtlikdən, milyonlarla insan artıq fikirlərinin idarə olunmağa çalışıldığının fərqindədir. Bu ölkə yetişdirdiyi gəncləri həbs etdirməz. Cem qardaşımızı buraxın”.
Aktyor Kaan Urgancıoğlu: “Cem Yiyit Üzümoğlu yalnız deyil”.
Aktyorların Həmkarlar İttifaqı da Üzümoğlu ilə bağlı Bəyanat yayıb:
“Üzvümüz, məsləkdaşımız, dostumuz Cem Yiyit Üzümoğlu bu səhər saxlanılıb. İstintaqın məzmunu ilə bağlı məlumat almağa çalışırıq. Vəkilləri ilə davamlı əlaqədəyik. Cem Yiyit Üzümoğlu yalnız deyil”.
Xatırladaq ki, ötən gün TRT-nin “Teşkilat” serialında rol oynayan aktrisa Aybüke Pusat da boykota dəstək verdiyinə görə serialdan çıxarılıb. Türkiyənin ustad aktyoru Müjdat Gezen “Aybüke sən konservatoriya məzunusan, gəl bizə müəllimlik et” deyərək aktrisaya iş təklif edib.
Qeyd edək ki, “2 aprel – istehlak boykotu” çərçivəsində böyük alış-veriş mərkəzləri (AVM), restoranlar, kafelər, marketlər boş qalıb.
Səlcuq