"Niyə söyüşlə danışmalıyam, ifadə vermək istəmirəm" - Ağadadaşın məhkəməsi + VİDEO
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
SAVASHMEDİA.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artistinə ittiham aktı elan edilib.
Ağadadaş Ağayev ittihama görə özünü təqsirli bilməyib. Təqsirləndirilən Xalq artistinə sərbəst ifadə üçün söz verilsə də, buna hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.
“Mən özümü təqsirli bilmirəm. Bir onu deyə bilərəm ki, bütün məsələlər havada qalıb, hər şey məntiqdən kənardır. Mən kömək istəyirəmsə, niyə söyüşlə istəməliyəm? Hazırda çıxışa hazır deyiləm. Ona görə də bu gün ifadə vermək istəmirəm", - Xalq artisti deyib.
İttihamda deyilir ki, Ağadadaş Ağayev hadisə günü “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilova kobud formada səslənərək onu yanına çağırıb. Mühafizəçi çağırışına cavab vermədiyi üçün uca səslə onun ünvanına nalayiq sözlər işlədib. Daha sonra isə əsəbiləşərək əlindəki baltanı ona tərəf atıb. Nəticədə balta hədəfdən yayınaraq hospitalda xadimə işləyən qadının ayağına dəyib.
Bu əməlləri ilə Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsində nəzərdə tutulan cinayət törədib. O bu maddə ilə təqsirli bilinərsə, 2 ildən 5 ilə qədər azadlıqdan məhrum oluna bilər.