Novosibirskdə Şimali Koreya Universitetinin filialı açılacaq
Novosibirsk vilayətinin Akademiya şəhərciyində Kim İr Sen adına Şimali Koreya Universitetinin filialını açmağı planlaşdırırlar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” Novosibirsk Dövlət Universitetinin (NDU) mətbuat xidmətinin məlumatına istinadən məlumat yayıb.
Məlumata görə, bu, Rusiya və Şimali Koreya arasında “elm və təhsil əlaqələrini gücləndirməyə” imkan verəcək. Əməkdaşlıq çərçivəsində NDU elmi konfrans və seminarların keçirilməsini planlaşdırır.
Universitet rəhbərliyi hazırda Kim İr Sen adına Universitetinin nümayəndəliyini yerləşdirmək üçün potensial yer axtarır.
2025-ci il yanvarın sonunda Şimali Koreya universitetinin nümayəndə heyəti Novosibirskdə olub. Görüşdə rektorlar Akademiya şəhərciyində nümayəndəliyin, Şimali Koreyada isə NDU-nun fizika-riyaziyyat məktəbi üçün tərəfdaş-məktəbin yaradılması barədə razılığa gəliblər.
Şimali Koreyanın nümayəndə heyəti “iki ölkə arasında daha sıx akademik əlaqələr” qurmaq məqsədilə “Beynəlxalq həftə”də iştirak etmək üçün aprelin sonunda yenidən Novosibirskə səfər edəcək.
Xatirə SADİQ