Füzuli Dövlət Dram Teatrında Dünya Gənc Türk Yazarlar Birliyinin yeni üzvlərinin təqdimatı keçirilib

Bu gün Füzuli Dövlət Dram Teatrında əlamətdar hadisə baş verib. Teatrın rejissor assistenti Gülgəz Soltanova və gənc aktyoru Vüsal Həsənov Dünya Gənc Türk Yazarlar Birliyinə üzv qəbul olunublar.

Jun 26, 2026 - 12:37
Füzuli Dövlət Dram Teatrında Dünya Gənc Türk Yazarlar Birliyinin yeni üzvlərinin təqdimatı keçirilib

Bu münasibətlə teatrda kollektivin iştirakı ilə təqdimat mərasimi təşkil edilib.

Tədbirdə Füzuli Dövlət Dram Teatrının direktoru vəzifəsini müvəqqəti icra edən Azər Abbasov çıxış edərək hər iki yeni üzvü ürəkdən təbrik edib, onlara yaradıcılıq fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayıb.

Daha sonra teatrın yaradıcı şöbə müdiri və quruluşçu rejissoru Nicat Mirzəzadə çıxış edərək Gülgəz Soltanova və Vüsal Həsənovu Dünya Gənc Türk Yazarlar Birliyinə üzv seçilmələri münasibətilə təbrik edib, onların gələcək yaradıcılıq fəaliyyətlərində daha böyük uğurlara imza atacaqlarına inandığını bildirib.

Çıxışı zamanı Gülgəz Soltanova bu günün onun həyatında xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib:

“Bu gün mənim üçün sadəcə bir təqdimat günü deyil, zəhmətin, inamın və yaradıcılıq yolunda atılan addımların dəyərləndirildiyi bir gündür. Dünya Gənc Türk Yazarlar Birliyinə üzv olmaqdan qürur duyur, mənə göstərilən diqqət və dəstəyə görə Füzuli Dövlət Dram Teatrının dəyərli kollektivinə ürəkdən təşəkkür edirəm. Bu sevinc mənimlə yanaşı, mənə inanan hər kəsindir”.

Gülgəz Soltanova çıxışının sonunda bu uğurda əməyi və dəstəyi olan hər kəsə təşəkkürünü bildirib.

Vüsal Həsənov isə çıxışında Dünya Gənc Türk Yazarlar Birliyinə üzv qəbul olunmağın onun üçün böyük qürur və məsuliyyət hissi yaratdığını qeyd edib. O bildirib ki, türk dünyasının gənc yazarlarını bir araya gətirən belə bir təşkilatın üzvü olmaq onun yaradıcılıq fəaliyyətində yeni mərhələnin başlanğıcıdır. Gənc aktyor göstərilən etimada görə minnətdarlığını ifadə edərək, gələcək fəaliyyətində bu etimadı doğrultmağa çalışacağını və həm teatr, həm də ədəbiyyat sahəsində daha böyük uğurlara imza atmaq üçün səylə çalışacağını vurğulayıb.

Tədbirin sonunda Dünya Gənc Türk Yazarlar Birliyinin üzvlük vəsiqələri Gülgəz Soltanova və Vüsal Həsənova təqdim olunub.

Təqdimat mərasimi xatirə şəkillərinin çəkilməsi və səmimi söhbətlərlə başa çatıb. Bu əlamətdar hadisə Füzuli Dövlət Dram Teatrının yaradıcı mühitində gənc istedadların inkişafına verilən dəyərin və onların uğurlarına göstərilən diqqətin daha bir nümunəsi kimi yadda qalıb.