Ölən qızına söz veribmiş, PSJ çempion olmalıdır - "Bayrağı mərkəzə sancacağam"

Luis Enrike 10 il sonra qızının xatirəsinə o kuboku qazanmağı hədəfləyir.

May 8, 2025 - 13:56
May 8, 2025 - 14:12
Ölən qızına söz veribmiş, PSJ çempion olmalıdır - "Bayrağı mərkəzə sancacağam"

SAVASHMEDİA.az xəbər verir ki, bu il Çempionlar Liqasının finalında İtaliyanın “İnter” klubu ilə Fransanın PSJ klubu qarşılaşacaq. 

Mayın son günündə baş tutacaq matça hər iki komanda ciddi hazırlaşsa da, əsas diqqət PSJ-nin baş məşqçisi Luis Enrikeyə çevrilib. 

Mövsümün əvvəlində heç kimin finala qədər gələcəyini düşünmədiyi PSJ-ni Luis Enrike “Liverpul”, “Aston Villa” və “Arsenal” üzərindəki inamlı qələbələrlə finala çıxardı. 

Enrike 2 il əvvəl PSJ-nin baş məşqçisi postuna gələndə Messi, Neymar, Veratti kimi ulduzlar klubu tərk etmişdi. 

Həmin vaxt PSJ-ni “məşhur adların olduğu vitrin adlandıran” Enrike fikrinə belə davam etmişdi: “Dünyanın ən yaxşı futbolçularına sahib olmaq qələbə qazandırmır, qazandırsaydı, PSJ-nin indiyə qədər 8 Çempionlar Liqası kuboku olardı”. 

Ötən il Mbappenin də klubu tərk etməsindən sonra klubun uğurlarına şübhə daha da artdı. Lakin Enrikenin bir il ərzində öz sistemi ilə qurduğu komanda bu gün Çempionlar Liqasının yarımfinalçısıdır. Finalda qələbə qazansa, Enrike 10 il sonra adını yenidən Çempionlar Liqasının qalibi sırasına yazdıracaq.

Bütün bunlarla yanaşı final matçının Enrike üçün başqa mənası da var. Hətta buna Enrikenin əsas hədəfi də desək, yanılmarıq. O hədəf 6 il öncə, 9 yaşında sümük xərçəngindən itirdiyi qızı, özünün təbiri ilə desək, “ən yaxın dostu” Xana üçün meydanın mərkəzinə PSJ-nin bayrağını sancmaqdır. 

(Enrike 10 il öncə “Barcelona” ilə ÇL kubokunu qazananda 5 yaşlı qızı Xana meydanın ortasında klubun bayrağını dalğalandırmışdı)

“Əminəm ki, Xana hələ də bunu qeyd edir. Onun Berlində Çempionlar Liqasının finalında “Barselona”nın bayrağını qaldırdığı o heyrətamiz an hələ də yadımdadır. Kaş eyni şeyi PSJ ilə edə biləm. Qızım fiziki olaraq orada olmayacaq, amma ruhən orada olacağına əminəm” – bu cümlələr Enrikenin mətbuata verdiyi açıqlamalardandır.

Enrike Xanadan hər bəhs edəndə özünü şanslı adlandırır və bəxş etdiyi 9 möhtəşəm il üçün Xanaya minnətdar olduğunu bildirir. 

Ətrafındakılar Luis Enrikenin Xananın itkisindən duyduğu ağrı və kədəri peşəsi ilə birləşdirərək daha güclü qayıtdığını və qələbənin onun ağrısına dərman olacağını düşünürlər.

Təcrübəli baş məşqçinin Xanaya verdiyi sözü yerinə yetirib-yetirə bilməyəcəyini isə 31 may tarixi göstərəcək...

Vəsilə İbrahim