Öncə islahatlar və təhlükəsizlik şərtləri, sonra NATO – Çeyk Sallivan
“Ukraynanın NATO-ya daxil olması üçün müvafiq islahatların aparılması və təhlükəsizlik şərtlərinin yerinə yetirilməsi lazımdır”.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.
Ağ Evin müşaviri ölkəsinin Vaşinqtonda keçirilən NATO sammiti zamanı səsləndirdiyi “Ukraynanın yeri və gələcəyi Alyansdadır” mövqeyini xatırladıb.
“İslahatlar və təhlükəsizlik şərtləri də daxil olmaqla, oraya çatmaq üçün hələ görüləsi işlər var. Beləliklə, sual indi olduğumuz yerdən Ukraynanın NATO üzvlüyünə qədər körpünün necə tikilməsidir”, - deyə Sallivan vurğulayıb.
Sallivanın fikrincə, bu suala cavab Vaşinqtonda keçirilən sammitin nəticələri, o cümlədən Ukraynanın təhlükəsizliyinə dəstək aparatının institusionallaşdırılması olub.
O, əlavə edib ki, prezident Bayden Ukraynaya elə dəstək verməyə çalışır ki, bu, uzunmüddətli dövr üçün nəzərdə tutulsun.
Xatırladaq ki, prezident Volodimir Zelenski beş bənddən ibarət qələbə planını təqdim edib. Bu planın ilk bəndində Ukraynanın dərhal NATO üzvlüyünə dəvət edilməsi nəzərdə tutulub.
Xatirə SADİQ