"Osasuna"ya güzəşt, "Turan Tovuz"a cəza? - UEFA-nın "Bozqurdlar"la bağlı planı nədir?
2025-26-cı illər mövsümündə 3-cü pilləni tutaraq UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iştirak etmək hüququ qazanan “Turan Tovuz” bu imkandan məhrum edilə bilər.
Bildiyim qədərilə ölkəyə artıq bu barədə məlumat gəlib.
Amma şoka düşmək yox, durumu soyuq başla analiz etmək lazımdır. Bu, asan deyil, çünki qarşıya qoyulan faktla bağlı suallar cavablardan çoxdur. O sualları verək, mümkün cavabları müzakirə edərək həqiqəti tapmağa çalışaq.
Beləliklə, nə baş verib?
2019-cu ilin dekabrında AFFA İcraiyyə Komitəsi o vaxtlar I Divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”-nin (həmçinin Region Liqasında oynayan başqa 3 klubun) bəzi futbolçularının oyunların manipulyasiyasında şübhəli bilinməsi və günahlarının sübuta yetirilməsini əsas götürərək onların futbolla əlaqəsinə rəsmi qadağa qoyulması qərarını vermişdi. Siyahıda “Turan Tovuz”un da 7 (yeddi) oyunçusunun adı vardı.
İndi UEFA bunu əsas götürərək komandanı avrokuboklarda iştirakdan məhrum etmək istəyir.
AFFA İK-nın həmin iclasının qərar linki budur:
https://www.affa.az/ind.../news/ntizam-komitsinin-qrar/65952
Maraqlı və müəmmalı durumdur.
Birincisi, illər öncə baş verən, həmin vaxt hüquqi statusunu almış bu məsələ niyə indi ortaya çıx(arıl)ıb? Deyilə bilər ki, “komanda indi Avropaya çıxıb, ona görə indi qərar veriblər”. Razılaşmıram, çünki TT artıq 3 ildir UEFA-dan avrokubok lisenziyası alır, bir şey olsaydı, həmin vaxt deyərdilər. Üstəlik, bir neçə gün əvvəl Tovuz stadionunu təftişə göndərən Avropanın ali futbol qurumu bilmirdi ki, belə məsələ var? Bilirdisə, komanda buraxılmayacaqdısa, niyə göndərirdi? Bilmirdisə, günahı ilk növbədə özündə axtarmalıdır. Mən bilməmə ehtimalının sıfır olduğunu düşünürəm.
İkincisi, İcraKomun məlum qərarında konkret klublara cəza verilməsi barədə qeyd yoxdur. Orada “Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur” cümləsi yazılıb. Klubların cəzalandırılması, onlara hansısa uzaqlaşdırılma tətbiq olunması barədə heç nə yoxdur. Mətndən aşkar görünür ki, sırf oyunçulara tətbiq edilən cəzadır. Bu o deməkdir ki, ya AFFA həmin vaxt səhvə yol verib, ya da bunu ciddiyə almayıb, belə açıqlamaya lüzum görməyib. Yəni ciddi bir məsələ kimi qəbul etməyib.
Üçüncüsü, siyahıda “Zirə”nin də adı var. Belə bir problem vardısa, bu komanda sonrakı illərdə avrokuboklarda necə iştirak edib?
Dördüncüsü, həmin vaxt TT I Divizionda oynayırdı və həmin mövsümdə çempion olsa da, Premyer Liqaya buraxılmamışdı. Növbəti mövsümdə də həmçinin. Qiyabi şəkildə bunun özü də cəza sayıla bilər, cəzanın çəkilməsi kimi qəbul edilə bilər.
Beşincisi, bu məsələnin presedenti var. 2023-cü ildə UEFA ilə oxşar bir məsələ yaşanıb, qərar klubun xeyrinə verilib. İspaniyada 2020-ci ildə bitən təhqiqatın sonunda “Osasuna”nın bəzi rəhbərləri 2012-13 və 2013-14-cü illər mövsümlərində korrupsiya, gəlirlərin gizlədilməsi, oyun alqı-satqısı və digər bu kimi işlərdə günahkar bilinmiş, cəza almışdılar. UEFA bunu əsas götürərək əvvəlcə klubu 2023-24-cü illər UEFA Konfrans Liqası yarışına buraxmaqdan imtina etmişdi. Sonra “Osasuna” məsələni CAS-a apararaq, keçmiş rəhbərlərlə heç bir əlaqələrinin olmadığını bildirmiş, sübuta yetirmişdi. Bundan sonra UEFA CAS-ın qərarını əsas götürərək cəzanı götürmüş, ispan klubunu yarışa buraxmışdı. Qərarın linki budur:
https://www.uefa.com/.../0283-1893cf7bfae4-1cc78c4d14e1.../
Hələ ki, suallar və cavablarımız budur.
Kənan Məstalıyev