Papa Fransiskin Türkiyə ilə bağlı vəsiyyəti ortaya çıxdı
Katoliklərin mərhum ruhani lideri Papa Fransiskin vəsiyyətində ölümündən əvvəl Türkiyəyə səfər etmək istədiyi üzə çıxıb.
Papa Fransisk İznik Şurasının 1700-cü ildönümü üçün bu il may ayının sonlarında İznikə səfər edəcəkdi.
Səfər zamanı kilsələrin birliyi üçün vacib olan Pasxa bayramının tarixi ilə bağlı həll gözlənilirdi. Lakin Papa Fransisk aprelin 21-də vəfat etdikdən sonra onun varisi, mayın 8-də bu vəzifəyə seçilən Papa XIV Leonun səfər edib-etməyəcəyi hələlik bəlli deyil.
"Müqəddəs il ərzində ilk böyük Ekumenik Şura olan Nikea Şurasının 1700 illiyini qeyd etmək fürsətimiz olacaq. Bunun üçün Türkiyəyə getməyi planlaşdırıram. Mən sağ olmasam da, varisim İznikə getməlidir”, - deyə Papa Fransisk söyləmişdi.
Bəzi mənbələrə görə, mayın 18-də Papa XIV Leonun rəsmi andiçmə mərasiminə qatılacaq Ekumenik Patriarx Bartolomey İznik Şurasının ildönümü üçün Papanı Türkiyəyə dəvət edəcək. Papa bu dəvəti qəbul edərsə, tarix razılaşdırılacaq.
Bu səfər baş tutsa, Papa XIV Leo Türkiyəyə səfər edən 5-ci Papa olacaq. 2014-cü ildə Türkiyəyə səfər edən Papa Fransiskdən başqa, Papa VI Pavel 1967, Papa II İoann Pavel 1979 və Papa XVI Benedikt 2006 illərdə Türkiyəyə səfər ediblər. (publika)