“PAXAN”ın dəstəsi

Orta əsrlərdə çar hakimiyyəti dövlət sərhədlərini möhkəmləndirmək və genişləndirmək qayğısına qalırdı.

Jul 4, 2025 - 12:08
“PAXAN”ın dəstəsi

Bu işdə kazaklardan – zəhmətkeş, quldur, hər cür qaçaqlardan istifadə etmək qərara alındı. Onlara yad eldə(!) torpaq sahələri paylandı, kazaklar vergilərdən azad edildilər. Sonrakı əsrlərdə silahlı dəstələr möhkəmləndirildi. Pulsuz barıt, qurğuşun, çörək, pul verildi.

Yermakın quldur dəstəsi Ural dağlarını aşıb yeni torpaqları ələ keçirəndə çar İvan Qroznı perspektivi qiymətləndirdi. O, quldur atamana çoxlu silah, hətta 2 metal zirehli geyim hədiyyə etdi. Yermak görməmişlik edərək, metal köynəkləri üst-üstə geyinir, onlarda yatırdı. 1585-ci ildə döyüşdə məğlubiyyətdən sonra qaçarkən İrtış çayını üzüb keçə bilmədi: ağır zirehli köynəklər onu suda batırdı...

Dinc kazakların ailə üzvləri və özləri əsasən kənd təsərrüfatında ixtisaslaşırdılar. Kim isə taxıl əkir, başqası bostançılıq, arıçılıq, şərabçılıqla məşğul olurdu. Dəmirçi, dulusçu, xarrat, bənna da vardı. Kazaklar Rusiyanın adi kəndlilərindən sabit və zəngin gəlirlə fərqlənirdilər.

Əksəriyyət isə işləməyi heç ağıllarına da gətirmir, yalnız çapıb-talayır, öldürürdülər.

Quldurbaşı Stepan Razin mənfur dəstəsi ilə Volqa çayı boyunca, Xəzərdə yerli yaşayış məskənlərinə hücum çəkir, evləri qarət edir, qız-gəlini oğurlayıb gəmilərinə gətirir, başlarına hər cür murdar oyun açandan sonra gülə-gülə dənizə atıb batırırdılar. Razin Abşeron sahillərində də belə edirdi. Minnətdar Azərbaycan xalqı Razinin adını böyük qəsəbəyə, dəmiryol stansiyasına, küçələrə vermişdi. Qəsəbənin adı çoxdan dəyişdirilsə də, “namuslu” azərbaycanlılar ona hələ də “Razin-can” deyirlər.

Müdrik adam söyləmişdi: “Küçədə adi insan pis iş görəndə, gözümün qabağına onun tanımadığım valideyni gəlir. Çünki hər kəs öz hərəkəti ilə rəhbərinin – ata-anasının kimliyini aşkar edir. Məmur, polis nə edirsə, düşünürəm ki, bunu hökmdar edir. Çünki itinə görə sahibi cavabdehdir”.

Bir vaxtlar “Pussi rayt” üçlüyünün adı dillərdən, xəbər proqramlarından düşmürdü. Bu üç cavan qız Rusiya hakimiyyətini təngə gətirmişdi. Bir dəfə igid kazaklar onları ictimai yerdə dövrəyə alıb cəzalandırdılar – nümayişkaranə qamçıladılar. Asayiş keşikçiləri işə qarışmadılar. Yalnız gülə-gülə müşahidə etdilər. Televiziya kanalları bu səhnəni günlərlə göstərdi ki, xalqa dərs olsun. Mən isə baxır, vəhşi kazak cılız bədənli qızı vurduqca təsəvvür edirdim: Putin əlinə qamçı götürüb vurur. Putində həmin kazak, Razin, Buçada 8 yaşlı uşağı zorlayan əsgərlər və daha kimlərin ortaq obrazı cəmləşib.

Hazırda rəsmi qeydiyyata əsasən Rusiyada 150 minədək belə kazak Putin var. Qərargahlar, vəzifəlilər... Kriminal paxanın dəstəsi. Hərçənd, onun cinayətkar FSB, QRU, Rosqvardiyasına nə gəlib!..

Xatırlatma 

Bir neçə il bundan əvvəl internetdə ifşaedici video göstərildi. Əmək-islah müəssisəsində nəzarətçilər və onların məhbuslar arasından köməkçiləri məhbuslardan birini stola uzadıb şvabranın çubuq hissəsi ilə ona arxadan təcavüz edirdilər. Material 40 gb həcmində idi. Server ölkədən xaricdə olduğuna görə videonu tezliklə silmək mümkün deyildi. Əlbəttə, düşünürsən ki, dövlət orqanları həmin pozğun cinayətkarları cəzalandırdılar? Ay-hay! Müqəssirləri deyil, materialı internetdə yerləşdirəni axtarışa verdilər. Müəssisənin rəhbərinin isə tezliklə rütbəsini artırdılar. Nümunəvi işinə görə.

1990-cı illərin əvvəllərində Rusiyanın ikinci televiziya kanalı yeni sənədli serialın anonsunu verdi – “Kriminal Rusiya”. Düşünürəm, çox adam səbirsizliklə gözləyirdi. İlk və son verilişi tanınmış artist Armen Ciqarxanyan apardı. Rusiyanın və bu xalqın necə qatil xislətli olduğu, əlbəttə, ölkə rəhbərliyinə məlum idi. Bunu göstərməklə xalqa özünü tanıtmaq qeyri-məqbul hesab edildi. Bir veriliş yox, bütöv silsilə qadağan olundu. Gör, irəlidə tamaşaçını nələr gözləyirmiş!..

Cinayətkar aləmdə ritual cəzalandırmanı sevir, qiymətləndirirlər.

Jurnalist Anna Politkovskaya oktyabr ayının 7-də – Putinin doğum günündə güllələndi. Paxana hədiyyə!

1 nömrəli müxalifətçi Boris Nemtsov Kremlin 200 metrliyində qətlə yetirildi, halbuki onu hər yerdə haqlamaq mümkün idi. Məsafə yaxınlığı göstərirdi: “Biz heç nədən çəkinmirik...”.

Paxan Putin həqiqətən çəkinmir heç nədən. Çünki arxasında özü kimi alçaq və qorxaq xalqı durub.

A.ƏZİZ