Rusiya “Taliban” rejimini tanıyan ilk ölkə oldu

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Əfqanıstanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Gül Həsəndən etimadnaməsinin surətlərini qəbul edib.

Jul 4, 2025 - 11:52
Rusiya “Taliban” rejimini tanıyan ilk ölkə oldu

SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Beləliklə, Rusiya bir çox ölkələrdə terror təşkilatı hesab olunan “Taliban” hərəkatının rəhbərlik etdiyi Əfqanıstan İslam Əmirliyini dünyada ilk dəfə rəsmi olaraq tanıyıb. 

“Taliban” tərəfindən təqdim edilən Əfqanıstan dövlət bayrağı Əfqanıstanın Moskvadakı səfirliyinin binasından asılıb.

Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov cümə axşamı Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqini ziyarət edib. Görüş zamanı Jirnov Rusiya hökumətinin Əfqanıstan İslam Əmirliyini rəsmən tanıması qərarını çatdırıb.

Xatırladaq ki, Rusiya uzun müddət “Taliban”a qadağa qoymuşdu, lakin 2024-cü ilin dekabrında Dövlət Duması “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanun qəbul etdi. Aprelin 17-də Rusiya Federasiyasının Ali Məhkəməsi “Taliban”ın Rusiyada fəaliyyətinə qoyulan qadağanı ləğv etdi.

Xatirə SADİQ