Nəticələr yenidən hesablandı, Paşinyanın partiyasının səsləri artdı
“Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən bəzi seçki məntəqələrində dəqiqləşdirmələr və yenidən hesablamaların nəticələrinə görə ən çox artım “Vətəndaş Müqaviləsi” Partiyasının səslərində qeydə alınıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan bildirib.
“Bu, danılmaz faktdır - texniki səhvlər və qeyri-dəqiqliklər səbəbindən ən çox azalma bizim məhz səslərimizdə olmuşdu. Səslərin yenidən sayılması nəticəsində “Vətəndaş Müqaviləsi” Partiyasına 950 səs əlavə edilib. İlkin hesablamalarda heç kimin səslərində bu qədər azalma olmamışdı. Başa düşürəm, seçki rüşvəti paylayan agentlərin rəhbərləri seçkidən sonrakı tamaşanın ssenarisini xalqın boynuna qoymaq istəyirlər. Amma xalqı növbəti dəfə axmaq yerinə qoymağa çalışmaq olmaz”, - o bildirib.
Xatırladaq ki, parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət partiyaları ayın 9-da səslərin yenidən sayılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.
İyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.
Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.