Pentaqon azad mətbuata təzyiq göstərməkdə günahlandırıldı
Pentaqon Mətbuat Assosiasiyası (PPA) yeni akkreditasiya siyasəti ilə ABŞ Müdafiə Nazirliyini “azad mətbuatı əzmək” cəhdində ittiham edib.
SAVASHMEDİA.az “Axios” nəşrinə istinadən xəbər verir ki, bu barədə assosiasiyanın bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, müdafiə naziri Pit Heqsetin irəli sürdüyü yeni qaydalar jurnalistlərin binaya girişini məhdudlaşdırır, hətta məxfi olmayan, lakin açıqlanması üçün rəsmi icazə verilməmiş məlumatları toplamağa görə onların akkreditasiyasını ləğv etməklə hədələyir, eləcə də nazirliyin bütün əməkdaşlarına misli görünməmiş təhdid mesajı göndərir. Hərçənd mətbuatla hər hansı icazəsiz əlaqə saxlamaq qanun pozuntusu deyil.
Jurnalistlər həmçinin Pentaqonun onlara ayrılmış iş yerlərinin dəyişdirilməsi planlarından narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, bu addım reportyorları daha da təcrid edəcək və işini çətinləşdirəcək. “Reportyorların Pentaqona girişi həmişə məxfi ərazilərlə məhdudlaşdırılıb. Jurnalistlərin onlara icazə verilməyən ofislərdə veyllənməsi ideyası, sadəcə, absurddur. Onların sual vermək üçün konstitusiya hüququ var. Belə giriş səviyyəsi heç vaxt hazırkı departament rəhbərliyinin ehtiyatlandığı milli təhlükəsizlik böhranına gətirib çıxarmayıb”, - deyə PPA vurğulayıb.
Pentaqonun sözçüsü Şon Parnell buna cavab olaraq bildirib ki, Müdafiə Nazirliyi assosiasiya ilə “xoş niyyətlə danışıqlar aparır” və onun təklif etdiyi bir çox düzəlişləri qəbul edib: “Pentaqona daxil olmaq hüquq deyil, imtiyazdır və Departament bu imtiyazın həyata keçirilməsi üçün ağlabatan qaydalar yaratmağa təkcə qanuni olaraq deyil, həm də mənəvi cəhətdən borcludur”.
PPA bu arqumentləri rədd edib və bildirib ki, medianın məhdudlaşdırılması öz ordusunun necə idarə olunduğunu bilmək hüququ olan Amerika vergi ödəyicilərinə hörmətsizlikdir: “Amerika xalqı bu administrasiyadan az yox, daha çox məlumat almağa layiqdir. Ümid edirik ki, Pentaqon ağlını başına yığacaq”.
Pentaqonda mətbuatın işi barədə təklif olunan 15 sentyabr memorandumu ABŞ Müdafiə Nazirliyi daxilində gərginliyi artırıb. Memoranduma əsasən, jurnalistlər əvvəlcədən icazə almadan hər hansı məlumatın toplanmasını qadağan edən yeni siyasəti “anladıqlarını” təsdiq edən sənəd imzalamalıdırlar.
Xatirə SADİQ