Peskovdan Trampın ultumatumuna reaksiya - “Nəzərə aldıq” 

“Kreml Rusiyaya verdiyi ultimatum müddətini qısaltmaq qərarına gələn ABŞ prezidenti Donald Trampın bəyanatını nəzərə alıb”.

Jul 29, 2025 - 15:32
Peskovdan Trampın ultumatumuna reaksiya - “Nəzərə aldıq” 

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz prezident Trampın dünənki bəyanatını nəzərə almışıq. Xüsusi hərbi əməliyyat davam edir və biz Ukrayna ətrafında münaqişənin həlli və bu nizamlanma prosesində maraqlarımızı təmin etmək üçün sülh prosesinə sadiq qalırıq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Mətbuat katibi Trampın daha Vladimir Putinlə danışmaqda maraqlı olmaması ilə bağlı açıqlamasına belə münasibət bildirib: “Mən hər hansı qiymətləndirmədən çəkinmək istərdim. Təkrar edirəm ki, biz nəzərə aldıq”. 

Eyni zamanda, Peskov qeyd edib ki, Putinlə Tramp arasında mümkün görüş məsələsi “planda olmayıb və gündəmdə deyil”.

Xatırladaq ki, ABŞ prezidenti iyulun 28-də bəyan edib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həllində irəliləyiş üçün son tarix 50 gündən 10-12 günə endirilib.

Xatirə SADİQ