Putinin mühafizəçiləri tutucu dronlarla silahlandırılıb - FOTO
Rusiya prezidenti Vladimir Putinin şəxsi mühafizə əməkdaşları tutucu dronlarla silahlandırılıb.
SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Sergey Beskrestnovun dərc etdiyi videoda deyilir.
Videoda görünür ki, Rusiya prezidentinin mühafizəçilərindən biri əlində drona bənzər qurğu tutub və onu çanta ilə örtməyə çalışıb. Həmin məqamda Putinin arxa planda parad geyimli hərbi qulluqçularla əl sıxdığı görünür. Onun yanında Rusiyanın müdafiə naziri Andrey Belousov dayanıb.
“Agentstvo” yazıb ki, kadrlar mayın 9-da Moskvada keçirilən Qələbə Paradından dərhal sonra lentə alınıb. Nəşrin məlumatına görə, prezidentin mühafizəçisinin əlində “Yolka” tutucu dronu olub. Bu dronu “pilotsuz hava hücumundan cib müdafiə sistemi” də adlandırırlar. “Yolka”nın buraxılması üçün dəfələrlə istifadə edilə bilən əl katapultundan istifadə edilir. Tutucu yüksək sürətlə hədəfi vuraraq düşmənin dronunu kursdan çıxarır.
“The Moscow Times” xatırladıb ki, bu il Moskvada keçirilən Qələbə Paradında mobil internet məhdudlaşdırılıb və ilk dəfə olaraq əsas tribuna üzərində xüsusi çətir quraşdırılıb. Bu, prezidenti dronlardan qorumaq məqsədilə edilib.
Xatirə SADİQ