Sofi Lorenin oglu Gürcüstanda toy etdi
İtaliyanın məşhur kinoaktrisası Sofi Lorenin oğlu, dirijor Karlo Pontinin Gürcüstanda təntənəli toy mərasimi keçirilib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Lorenin oğlu gürcü əsilli Mariam Şarmanaşvili ilə ailə həyatı qurub.
Onların toy mərasimi Mtsxetadakı Samtavro monastırında baş tutub. Dirijor sevgilisi naminə katoliklikdən pravoslavlığa keçib və Qabriel adını götürüb.
Cütlük toylarını iki dəfə keçirmək qərarına gəlib. İkinci toy sentyabrda Cenevrədə 90 yaşlı Sofi Lorenin iştirakı ilə planlaşdırılır. Cütlük izdivacın rəsmi nikah hissəsini də orada keçirməyi planlaşdırır.
KİV yazır ki, məşhur qayınana gürcü gəlinini çox istəyir və Gürcüstanda keçirilən mərasim üçün təsirli video təbriki göndərib.
İtaliyalı dirijorla Gürcüstandan olan fitnes məşqçisinin sevgi hekayəsi bir neçə il əvvəl onların sosial şəbəkələrdə tanışlığı ilə başlayıb. Karlo təsadüfən Mariamın şəklini görərək “Bellissima!” yazıb. Bundan sonra yazışmalar və görüşlər başlayıb, bunun üçün Ponti planetin ən gözəl yerlərini seçib.
20 illik yaş fərqi də sevgililəri dayandırmayıb: Pontinin 57, Şarmanaşvilinin 37 yaşı var.
Gürcüstanda toya çox ciddi hazırlıq aparılıb. Ponti hətta gürcü rəqsi dərsləri də alıb və gürcü dilində sevgi bəyannaməsini öyrənib.
Xatirə SADİQ