Allahverdi Yolçuyevin işi düzəlmədi - "Elə sevinmişdim ki... Yenə corab satım?"

Tanınmış aktyor Allahverdi Yolçuyevin sosial şəbəkələrdə corab satmağı ilə bağlı yayılan görüntülər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. 

Jul 29, 2025 - 16:27
Jul 29, 2025 - 16:29
Allahverdi Yolçuyevin işi düzəlmədi - "Elə sevinmişdim ki... Yenə corab satım?"

Daha sonra onun işlə təmin olunması ilə bağlı xəbərlər yayılıb. Məsələ ilə bağlı aktyor ilə əlaqə saxladıq. 

SAVASHMEDİA.az xəbər verir ki, o, açıqlamasında yayılan xəbərlərin yanlış anlaşılma olduğunu və işlə təmin olunmadığını qeyd edib:

“Yox, hələ mənimlə əlaqə saxlanılmayıb. Mən elə hesab edirəm ki, yəqin indi hamı məzuniyyətdədir. 

Bir ay qalıb, nə qalıb ki?! Yəqin ki, avqust ayında hara göndərəcəkləri məlum olar. Dəqiq desinlər ki, hansı teatra göndərilirəm. Yəqin ki, teatra göndərərlər. Mən indi yenidən gedim corab satım? 

Televiziyaya müsahibə verəndə zəng gəldi, maraqlandılar, elə sevinmişdim, elə bildim məsələ həll olunub. Arzu edirdim ki, Musiqili Komediya Teatrında çalışım. Müxbirlər isə yəqin səhv başa düşüblər. Mən bilirəm ki, hazırda nazirlikdə hamı məzuniyyətdədir. Bu halda mən necə deyim ki, işimi həll edin? Elə bir də sentyabra qədər gözləməli olacağam”. 

Allahverdi Yolçuyev bildirib ki, Mədəniyyət Nazirliyindən birbaşa onunla əlaqə saxlanılmayıb: 

“Nazirlikdən birbaşa mənimlə əlaqə saxlanılmayıb. Sadəcə nazirliyin əməkdaşları zəng etdilər ki, şəxsiyyət vəsiqəmin surətini və bank hesabımı göndərim, müəyyən məbləğdə maddi yardım ediləcək. Amma hələlik heç nə göndərilməyib. Əsas məsələ iş yerimdir. 

İşimi bərpa etsinlər, vəssalam, başqa arzum yoxdur. Onda hər şey öz qaydasında olacaq. Hər ay maaş alanda bilirsən ki, dərman alırsan, gündəlik ehtiyaclarını qarşılayırsan”. 

Cebheinfo