Rusiya kəşfiyyatı kolumbiyalını Polşada təxribata cəlb edib
Kolumbiya vətəndaşı Rusiya kəşfiyyatının sifarişi ilə Polşanın iki şəhərində tikinti anbarlarını yandırıb.
SAVASHMEDİA.az RMF24 portalına istinadən xəbər verir ki, bunu Polşa kəşfiyyat xidmətləri naziri-koordinatorunun sözçüsü Yaçek Dobjinski bildirib.
Onun sözlərinə görə, Rusiya kəşfiyyatının maraqları baxımından hərəkət edən 27 yaşlı kolumbiyalı 2024-cü ildə Varşava və Radomda tikinti anbarlarına edilən iki yanğın hücumunun arxasında dayanır. Bunu Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşları müəyyənləşdiriblər.
Paytaxtda yanğın mayın 23-də, Radomda isə bir həftə sonra – mayın 30-da baş verib.
Dobjinski qeyd edib ki, həmin şəxs hücumun hədəfi və onun həyata keçirilmə üsulu, xüsusən də “Molotov kokteyli”nin necə hazırlanması və hansı nəqliyyatdan istifadə olunması ilə bağlı ətraflı təlimat alıb: “Bu hərəkətlər Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan şəxs tərəfindən sifariş edilib, idarə olunub və maliyyələşdirilib”.
Daxili Təhjlükəsizlik Agentliyindən bildirilib ki, şübhəli günahını qismən boynuna alıb və onun verdiyi izahat hazırda yoxlanılır. Rusiya adından fəaliyyət göstərən kişi terrorda ittiham olunur və onu ömürlük həbs gözləyir.
Həmçinin müəyyənləşdirilib ki, Rusiya xidmətləri Telegram mesenceri proqramı vasitəsilə təyin olunmuş yerlərdə kəşfiyyat aparmaq, hədəfləri yandırmaq və zədələri sənədləşdirmək üçün Latın Amerikası əsilli hərbi təcrübəyə malik insanları sistematik və geniş şəkildə işə cəlb edir.
Məlum olub ki, bu ilin iyununda Çexiya məhkəməsi daha bir kolumbiyalını Praqada avtobus bazasını yandırmaqda və ticarət mərkəzini yandırmağa cəhddə ittiham edərək 8 il müddətinə azadlıqdan məhrum edib. Kişi günahını boynuna alıb.
Çexiyanın baş nazirinin sözlərinə görə, bu işlə Rusiya kəşfiyyat xidmətləri məşğul olub.
Xatirə SADİQ