Baş Qərargah rəisi istefa verdi – İsraildə
İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi martın 6-da istefa verəcəyini bəyan edib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, rəis bu barədə ordunun “X” hesabında yazıb.
Halev postunda 7 oktyabr 2023-cü il tarixində “HƏMAS”ın hücumuna imkan verən kütləvi təhlükəsizlik uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürüb.
Baş qərargah rəisi bildirib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) bununla bağlı təhqiqatını başa çatdıracaq və İDF-nin gələcək təhlükəsizlik çağırışlarına hazırlığını gücləndirməyə kömək edəcək: “İDF komandanlığını keyfiyyətli və əsaslı şəkildə öz varisimə ötürəcəyəm”.
Hazırda altı həftəlik atəşkəs sürsə də, Halevi iddia edib ki, müharibənin bütün məqsədlərinə nail olunmayıb: “Ordu “HƏMAS”ın və onun rəhbərliyinin bundan sonra da darmadağın edilməsi uğrunda mübarizəsini davam etdirəcək, girovların geri qaytarılmasını təmin edəcək və yaraqlıların hücumları nəticəsində didərgin düşmüş israillilərin evlərinə qayıtmasına imkan yaradacaq”.
Qeyd edək ki, 7 oktyabr hücumu başlayan andan İsrailin baş naziri Benyamin Netanyahu bu hücumla bağlı məsul şəxslərin tapılması barədə suallara cavab verməkdən imtina edirdi. Baş nazir bildirmişdi ki, belə araşdırma müharibədən sonraya qədər gözləyə bilər.
Xatirə SADİQ