“Politico” fikir ayrılığı var deyir, Rubio və Uitkoff isə təkzib edir

Donald Tramp administrasiyasında Rusiyaya qarşı enerji sanksiyalarının ləğv edilib-edilməməsi məsələsində fikir ayrılığı yaranıb. 

Apr 24, 2025 - 13:13
“Politico” fikir ayrılığı var deyir, Rubio və Uitkoff isə təkzib edir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşr beş məlumatlı mənbəyə istinadən qeyd edir ki, Ağ Evdə, xüsusən də “Şimal axını–2” qaz kəmərinə, eləcə də Rusiyanın Avropadakı bəzi aktivlərinə qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı daxili müzakirələr davam edir. Bu, Rusiya və Ukrayna arasında hərbi əməliyyatlara son qoymaq üçün potensial razılaşmalar kontekstində görünür.

Onların sözlərinə görə, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff məhdudiyyətlərin aradan qaldırılması ideyasının təbliğində əsas rol oynayır. Guya o, komandasına Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi enerji sanksiyalarının tam siyahısını tərtib etməyi tapşırıb.

Lakin Ağ Evin yaydığı birgə bəyanatda ABŞ dövlət katibi Marko Rubio və Uitkoff özü Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına dair müzakirələrin aparıldığını təkzib ediblər.

“Bu, həqiqətə uyğun deyil. Bizdən heç birimizin Ukrayna ilə sülh razılaşmasının bir hissəsi kimi Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı heç bir söhbəti olmayıb. Bu, beşinci növ nəşr olan “Politico”nun tamamilə uydurma və məsuliyyətsiz məlumatıdır. Əgər onların bir damçı jurnalist ləyaqəti varsa, bu uydurma materialı tamamilə təkzib edəcəklər”, - deyə bəyanatda bildirilib.

Mənbələrdən biri deyib ki, Stiv Uitkoff Rusiyaya qarşı enerji sanksiyalarının ləğvini təklif etsə də, bu təşəbbüs Ağ Ev məmurları arasında hələ də ciddi dəstək almayıb. Dövlət katibi Marko Rubio onun həyata keçirilməsinə fəal şəkildə qarşı çıxır, bu yanaşmanın irəliləyişini dayandırmağa çalışır.

Məlumatlı mənbələrə görə, bu ideyanın əleyhdarları arasında təkcə Rubio deyil, həm də Ağ Evin nəzdindəki Enerji Dominantlığı Şurasına rəhbərlik edən daxili işlər naziri Daq Berqam da var. Onların mövqeyi sanksiyalar siyasətinə yanaşma ilə bağlı ciddi daxili fikir ayrılıqlarını nümayiş etdirir.

Vəziyyətlə tanış olan digər mənbənin sözlərinə görə, amerikalı məmuların bir hissəsi hesab edir ki, Uitkoff Moskva ilə ticarət əlaqələrinin bərpası halında ABŞ üçün mümkün iqtisadi faydalar barədə Rusiya tərəfindən yanlış məlumatlandırılmış ola bilər. 

“Ağ Evdə enerji üstünlüyü tərəfdarları – Amerika LNG-yə bazar açmaq istəyən Berqam və Rusiyaya yaxınlaşmağa çalışan Uitkoff arasında daxili mübahisə gedir. Rusiyanın Avropanın əsas enerji təchizatçısı statusunu yenidən təsdiqləməsi Amerika (neft və qaz) istehsalçıları üçün qan gölünə çevriləcək”, - deyə mənbələrdən biri əlavə edib.

Xatirə SADİQ