Polşa rusiyalı ekspertləri beynəlxalq axtarışa verəcək

Polşa prokurorluğu 2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən Smolensk hava fəlakətinin təhqiqatında iştirak etmiş 43 rusiyalı ekspertə qarşı yeni ittihamlar irəli sürüb. 

Apr 1, 2025 - 18:32
Polşa rusiyalı ekspertləri beynəlxalq axtarışa verəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “PAP” agentliyinə 1 saylı İstintaq Qrupunun rəhbəri Kşiştof Şvarts deyib.

Onun sözlərinə görə, xüsusi iddialar açıqlanmasa da, rusiyalı mütəxəssislər həlak olanların yarılma protokollarının tərtib edilməsi zamanı pozuntulara yol verməkdə şübhəli bilinirlər. Odur ki, onlar beynəlxalq axtarışa verilə bilərlər. 

“Düşünürəm ki, biz həbs qərarı vermək və beynəlxalq axtarışa başlamaq üçün zəruri olan həbs barəsində məhkəməyə müraciət edəcəyik”, - deyə Şvarts əlavə edib.

Xatırladaq ki, 2010-cu il aprelin 10-da göyərtəsində 96 nəfərin olduğu Tu-154 təyyarəsi Smolensk hava limanına yaxınlaşarkən qəzaya uğrayıb. Sərnişinlər arasında Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı, Polşanın tanınmış siyasətçiləri və ali hərbi komandanlığın nümayəndələri olub.

Xatirə SADİQ