Polşanın baş naziri bu məsələdə qələbə qazandı – “Politico”
Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri qeyri-qanuni miqrantlarla mübarizə məsələsində Polşa ilə həmrəy olduqlarını bildiriblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Şurasının iclasının nəticələrinə istinadən “Politico” nəşri yazıb.
Nəşr qeyd edib ki, Polşanın Belarusla sərhəddən ölkəyə daxil olan miqrantlara sığınacaq verilməsini dayandırmaq niyyətindən sonra Aİ liderləri müstəsna vəziyyətlərin müvafiq tədbirlər tələb etdiyini vurğulayaraq Varşavanı dəstəkləyiblər.
Avropa Şurasının bəyanatında deyilir: “Rusiya və Belarusa və ya hər hansı digər ölkəyə dəyərlərimizdən, o cümlədən sığınacaq hüququndan sui-istifadə etməyə və demokratiyalarımızı sarsıtmağa imkan verilməməlidir. Avropa Şurası Polşa və bu çağırışlarla üzləşən üzv dövlətlərlə həmrəy olduğunu bildirir. İstisna hallar müvafiq tədbirlər tələb edir. Bundan əlavə, Aİ hüquqlarına və beynəlxalq hüquqa uyğun olaraq qeyri-qanuni miqrasiyanın qarşısının alınması və onunla mübarizənin yeni yolları nəzərdən keçirilməlidir”.
“Politico” hesab edir ki, bu bəyanat Polşanın baş naziri Donald Tuskun qələbəsidir. Çünki Aİ-nin ölkənin sığınacaq hüququnun dayandırılması üçün əsas kimi təhlükəsizlik problemlərini göstərə bilməsi ideyasını dəstəkləməsini məhz Tusk istəyirdi və o, buna nail oldu.
Xatirə SADİQ